Ən böyük hədəfim ikiqat Paralimpiya çempionu olmaqdır.
Bunu “Report”a açıqlamasında Azərbaycan paratakevondoçusu İmaməddin Xəlilov Fransanın paytaxtı Parisdə təşkil olunmuş Yay Paralimpiya Oyunlarındakı nəticələri haqqında danışarkən deyib.
Olimpiya çempionu özünə verdiyi sözü tutduğu üçün çox sevincli olduğunu bildirib:
“Allah şəhidlərimizə rəhmət eləsin. Çox sevincliyəm ki, özümə verdiyim sözü tutdum. Özümə söz vermişdim ki, bir gün vətənim üçün nələrsə edib, sonra Ulu Öndərin qarşısına çıxacağam. Digər oğlan uşaqlarına yaxşı mənada paxıllıq edirdim. Çünki onlar hərbi xidmətə yollanmışdılar, vətən üçün nələrsə etmişdilər. Allaha çox şükür, mən də vətənim üçün nəsə etməyi bacardım”.
Paratekvondoçu ikiqat dünya çempionu olmaq istəyir:
“Bundan əlavə, ikiqat dünya çempionu olmaq istəyirəm. Son yarışların hamısını çempion kimi bitirmişəm. İstəyərəm ki, bu yolda davam edim”.
Qeyd edək ki, Paris-2024-də 70 kq çəki dərəcəsində yarışan İmaməddin Xəlilov qızıl medal qazanıb.