Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirəcəyi tarixi açıqlayıb

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirəcəyi tarixi açıqlayıb "Hazırda həqiqi hərbi xidmətdə olduğum üçün istədiyim kimi məşq edə bilmirəm"
Fərdi
2 Mart , 2018 09:37
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirəcəyi tarixi açıqlayıb

Bakı. 2 mart. REPORT.AZ/ “İslamiadadan sonra qolumdan əməliyyat olunduğum üçün bir müddət məşqlərdən kənarda qaldım”.

Bunu “Report”a açıqlamasında ötən ilin mayında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Azərbaycan yığmasının boksçusu Teymur Məmmədov deyib.

Eyni zamanda 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və Avropa çempionu olan 25 yaşlı boksçu bildirib ki, uzun müddət bərpa prosesi keçib: “Bir aya yaxındır məşqlərə başlamışam. Son bir ildə yarışlarda iştirak etməməyim zədə ilə bağlıdır. Hazırda həqiqi hərbi xidmətdə olduğum üçün istədiyim kimi məşq edə bilmirəm. Şəxsi məşqçimlə hazırlıq keçirəm. Hələlik əməliyyat olunan qoluma yükləmə olmaz. Əsasən, ayaqlara fikir veririk”.

91 kq çəki dərəcəsində çıxış edən Məmmədov yığmaya dönməkdə heç bir problem görmədiyini deyib. O, yekun qərarı baş məşqçi Leonid Loivskinin verəcəyini vurğulayıb: “Yığmamız çox yaxşı baş məşqçiyə tapşırılıb. Onunla əla münasibətim var. Azərbaycan çempionatında iştirak etməsəm də, yetərincə təcrübəyə malikəm. Yığmaya dönüşümdə heç bir problem yoxdur. Apreldə hərbi xidməti başa vurduqdan sonra tam gücümlə məşq edəcəyəm. Güclü olan yığmanın heyətində yer alacaq. Mənim çəkimdə Rahil Məmmədli ölkə çempionu olub. Səhv etmirəmsə, onunla 3 dəfə döyüşmüşəm və hamısında qalib gəlmişəm. O da çox gənc və perspektivli boksçudur. Ancaq mən öz gücümə inanıram”.

Titullu boksçu hazırlaşmağa çatdırmadığı üçün ötən ay keçirilmiş ölkə çempionatında iştirak etmədiyini söyləyib: “Yarışa çıxıramsa, məqsədim qələbə qazanmaqdır. Yaxşı formada olmadığım üçün risk etmək istəmədim. Vətənə borcumu verdikdən sonra yığma ilə birgə məşq edə biləcəyəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək və medal qazanmaqdır. Bundan sonra karyeramı başa vuracağam”.

Məmmədov özünü peşəkar boksda görmədiyini də bildirib. O, döyüş tərzinin bunun üçün uyğun olmadığını ifadə edib: “Mənim tərzim peşəkardan daha çox olimpiya boksuna uyğun gəlir. Peşəkar boksda hər şey tam başqa cürdür. Mənə uyğun gəlmir”.

Son xəbərlər

Orphus sistemi