Azərbaycanlı MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən “Urijah Faber’s A1 Combat 27” turnirində israilli Şimon Smotritskiyə qalib gəlib.
“Report”un ABŞ bürosu xəbər verir ki, M.Hüseynov texniki nokautla rəqibi üzərində üstünlük əldə edib.
ABŞ-də yaşayan həmyerlilərimiz M.Hüseynova yarışın keçirildiyi məkanda Azərbaycan bayraqları ilə dəstək olublar.
Bu onun peşəkar MMA karyerasında keçirdiyi 13-cü döyüşdə 10-cu qələbəsi olub.
Qeyd edək ki, M.Hüseynov ABŞ-də yerləşən “American Kickboxing Academy”də (AKA) məşq edir. O, güclü zərbələri və döyüşdəki aqressivliyi ilə tanınır. Bu qələbə ilə M.Hüseynov “A1 Combat”da yarımorta çəki dərəcəsində titulunu bir daha uğurla müdafiə edib.
M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də (“Ultimate Fighting Championship”) iştirak etməkdir.

