Azərbaycan ekoloji təmiz aqrar texnikaya keçə bilər

ASK
  • 14 oktyabr, 2026
  • 15:00
Azərbaycan ekoloji təmiz aqrar texnikaya keçə bilər

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı texnikalarının alınmasına keçilməlidir.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Fərahim Əkbərov 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Garabagh – 2026") bildirib.

Onun sözlərinə görə, karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi müəyyən maliyyə resursları tələb edir: "Ekoloji təmiz avtobusların və sıfır karbon emissiyalı elektrik avtomobillərinin istifadəsi bu istiqamətdə mühüm töhfə verir. Lakin kənd təsərrüfatı texnikaları daha qənaətcil olduğu üçün əsasən dizel yanacağı ilə işləyir və atmosferə daha çox karbon emissiyası buraxır".

O bildirib ki, bunun qarşısını almaq üçün ekoloji təmiz kənd təsərrüfatı texnikalarının və nəqliyyat vasitələrinin alınmasına keçilməlidir: "Hibrid və elektrik avtomobillərinin dövlət rüsumlarından və gömrük rüsumlarından azad edilməsi ilə bağlı müəyyən güzəştlər tətbiq olunub. Bu güzəştlər ölkəyə ekoloji təmiz və karbon emissiyası az olan minik avtomobillərinin idxalının sürətlənməsinə stimul verib".