Güləş üzrə Azərbaycan milli komandaları təlim-məşq toplanışını Bakıda keçir.
Federasiyadan "Report"a verilən məlumata görə, sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmala Olimpiya Güləş Mərkəzində həftədə 6 gün olmaqla hazırlıq prosesini davam etdirir.
Yanvarın ilk yarısında əsasən fiziki hazırlıq üzrə məşqlərə üstünlük verilirdisə, hazırda daha çox taktiki-texniki çalışmalar ön plandadır. Təlim-məşq toplanışında İsveçrə, Moldova, Qazaxıstan və Polşanın sərbəst güləş üzrə milliləri də iştirak edir. Zədə və bu kimi səbəblərdən Leyla Qurbanova, Aydın Əhmədov, Rahid Həmidli və daha bir neçə güləşçi məşqlərdə iştirak etmir. Cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçən Rafiq Hüseynov isə fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, güləşçilər üçün ilin ilk yarışı Xorvatiyadakı I reytinq turniri olacaq. Fevralın 1-dən 5-dək Zaqrebdə təşkil ediləcək beynəlxalq yarışda hər 3 güləş növü üzrə yığmalar iştirak edəcək.