Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunisdə keçirilən 33-cü Afrika çempionatında medal qazanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, son olaraq 73 kq-da mübarizə aparan Ömər Cavadov körpücük üzərinə çıxıb.
O, birdən qaldırma hərəkətində 143, təkanla qaldırmada 167 kq çəkini ram edib və toplam 310 kq (143+167) nəticə göstərib.
Cavadov bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində 5-ci, toplamda isə 4-cü olub.
Qeyd edək ki, daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq), kişilərdən isə İsa Rüstəmov (67 kq) Afrika çempionu olub.
Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatı görə iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançıların Tunisdə əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.