Azərbaycanda idman federasiyasında 2 ayda 2 dəfə prezident seçkisi keçirilib

Azərbaycanda idman federasiyasında 2 ayda 2 dəfə prezident seçkisi keçirilib Bu dəfə Azərbaycan Alpinizm Federasiyası Nizami Mursaqulova həvalə olunub
Fərdi
11 Aprel , 2016 09:56
Azərbaycanda idman federasiyasında 2 ayda 2 dəfə prezident seçkisi keçirilib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Alpinizm Federasiyasında son 54 gün ərzində 2 dəfə prezident seçkisi keçirilib. "Report"un məlumatına görə, ilk belə seçki fevralın 16-da Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunub.

Hesabat-seçki konfransının nümayəndələri böyük səs çoxluğu ilə “Olimp” klubunun nümayəndəsi Məmməd Abbasbəylini federasiyanın yeni prezidenti seçiblər. M.Abbasbəyli bu vəzifədə İsrafil Aşurlunu əvəzləyib.

Lakin aprelin 9-da federasiya nümayəndələri eyni məqsəd üçün yenidən bir araya gəlib. Bu dəfə qurumun prezidenti vəzifəsi dağçılıq sahəsində geniş təcrübəyə malik olan beynəlxalq dərəcəli idman ustası Nizami Mursaqulova yekdilliklə həvalə olunub.

Hər iki toplantıda iştirak etmiş Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov "Report"a açıqlamasında ikinci seçkinin Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşdiyini bildirib. O, məsələnin gənclər və idman naziri Azad Rəhimova məruzə olunduğunu da əlavə edib: "Nazirlik olaraq, belə qərar qəbul etmişik ki, Azərbaycan Alpinizm Federasiyası Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının tərkibində fəaliyyət göstərsin. Ona görə də federasiyaya yeni prezident seçilib".

Qeyd edək ki, Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının prezidenti ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur.  

Son xəbərlər

Orphus sistemi