Azərbaycan Şahmat Federasiyası (AŞF) ilin yekunlarına həsr olunan tədbir keçirib.
"Report" xəbər verir ki, tədbirdə AŞF, Gənclər və İdman Nazirliyinin rəhbərliyi, həmçinin şahmatçılar iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsindən sonra AŞF-nin vitse-prezidenti Faiq Həsənov ilin yekunlarına dair müxtəlif məlumatlar paylaşıb.
AŞF prezidenti Mahir Məmmədov isə çıxışında beynəlxalq turnirlərdə, həmçinin Azərbaycanda keçirilən yarışlarda şahmatçıların çıxışı barədə fikirlərini bölüşüb. O, nəticələrin uğurlu olduğunu söyləyib.
Gənclər və idman naziri Fərid Qayıbov da şahmatçıların uğurlarını xüsusi qeyd edib və növbəti yarışlarda onlara daha böyük qələbələr arzulayıb.
Daha sonra AŞF-nin ilin yekunlarına dair hazırladığı videoçarx nümayiş etdirilib.
Tədbirdə şahmatçılar təltif olunub. Azərbaycan tarixində qadınlar arasında Avropa çempionatında ilk dəfə birinci olan Ülviyyə Fətəliyevaya və 20 yaşadək qızlar arasında dünya çempionatında bürünc medal qazanan Ayan Allahverdiyevaya təşəkkürnamə verilib.
Kişi şahmatçılardan Vüqar Manafovla Elmar Atakişiyevə V Avropa Universitet Oyunlarında komanda yarışında rapid üzrə birinci, blitsdə ikinci yeri tutduqlarına görə təşəkkürnamə verilib.
Həmçinin adıçəkilən şahmatçılara pul mükafatları təqdim olunub.
Foto: Samirə Həsənova