Qazaxıstanın paytaxtı Astanada V Dünya Köçəri Oyunlarının açılış mərasimi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılışından fərqli olaraq, müxtəlif xalqların adət-ənənələrinə və mədəniyyətinə hörmət ruhunda keçirilib.
Bunu "Report"un Qazaxıstan bürosuna açıqlamasında sərbəst güləş üzrə Azərbaycan millisinin böyük məşqçisi Ələkbər Ələfsərov deyib.
Mütəxəssis V Dünya Köçəri Oyunlarının açılış mərasimini çox bəyəndiyini bildirib:
“Parisdə Olimpiya Oyunlarının açılış mərasimində bizim ənənələrimizə uyğun olmayan və mənəvi dəyərlərimiz üçün qəbuledilməz olan bəzi elementlər var idi. Astanada oyunların açılış mərasimi daha yaxşı, ənənələrə və mədəni dəyərlərə hörmət ruhunda keçirilib”.
Xatırladaq ki, Astanada sentyabrın 8-də V Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi olub. Yarışda bütün türk dövlətlərinin və cəmiyyətlərinin nümayəndələri, eləcə də digər ölkələrin komandaları iştirak edir. Hazırkı oyunların şüarı “Böyük Çöldə görüş”dür.
Qeyd edək ki, sentyabrın 14-dək baş tutacaq köçəri xalqların milli idman növləri üzrə yarışlara dünyanın 100-dən çox ölkəsindən təxminən 4 min iştirakçı və 100 mindən çox turist qatılacaq. Oyunlarda iştirak etmək üçün Azərbaycandan Qazaxıstanın paytaxtına ümumilikdə 50 nəfər gedib.