İdmançılarımız beynəlxalq turnirdə medallar uğrunda mübarizə aparacaqlar.
"Report"un məlumatına görə, bunu üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov dekabrın 18-23-ü aralığında Tartu şəhərində keçiriləcək Estoniya açıq qış çempionatı ilə bağlı danışarkən deyib.
Mütəxəssis yığma üzvlərinin məşqlərini intensiv davam etdirdiyini bildirib:
"Bu yarışa hazırlıqlar davam edir. Milli üzvlərinin orada öz bacarıqlarını yüksək səviyyədə nümayiş etdirəcəklərinə ümid edirik”.
Baş məşqçi Azərbaycan açıq qış çempionatının milli üzvləri üçün çox uğurlu olduğunu söyləyib:
"İdmançıların bu günlərdə, noyabrın 5-24-ü aralığında Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçdiyini, hər gün 3 saat olmaqla gərgin keçən məşqlər nəticəsində yüklənməsini nəzərə alsaq, onların bu qədər medallara sahib olması, nəticələrindən yüksək çıxış etmələri təqdirəlayiq haldir. Qeyd edim ki, ildən-ilə belə yarışlarda Azərbaycanın müxtəlif bölgələrindən idmançıların qatılması və medallar uğrunda gərgin mübarizə aparmaları bizi sevindirir. Naxçıvan, Gəncə, Bərdə, Şəmkir və digər bölgələrimizdən üzgüçülər yarışlarda mübarizə aparırılar. Bu da onun göstəricisidir ki, artıq Azərbaycanda su idman növlərinə maraq artır, idmançıların səviyyəsi yüksəlir”.