Bu, çox yaxşı və tarixi nəticədir. Yeniyetmələrdə ilk dəfə ikiqat dünya çempionumuz oldu. Oğlanların mübarizəsində medal sıralamasında birinci pillədə qərarlaşdıq.
Bunu "Report"a açıqlamasında Azərbaycanın yeniyetmə oğlanlardan ibarət cüdo millisinin baş məşqçisi Rüstəm Alimli Perunun paytaxı Limada keçirilmiş dünya çempionatı ilə bağlı danışarkən deyib.
Mütəxəssis 7 idmançı ilə yollandıqları yarışı 2 qızıl və 2 bürünc medalla başa vurduqlarını xatırladıb:
"Turnirə ancaq oğlanlardan ibarət yığma getmişdi. Daha çox medal əldə edə bilərdik. Amma bu cüdodur. Üç nəfər medalsız qaldı. Onlar da güclü idmançılardır. Son Avropa çempionu Bahadır Feyzullayev (50 kq) birinci görüşdə uduzdu. Əli Qazıməmmədova (81 kq) da ümidlər böyük idi. O da medalçılar sırasına düşə bilərdi. Cərimə verildi və yarışdan çıxarıldı. Amma orada elə epizod yox idi. Sübhan Axundov (+90 kq) ilk qarşılaşmada yaponiyalı rəqibinə yenildi. Cüdo sürprizlərlə doludur, heç vaxt nəticəyə əmin ola bilmirsən".
R. Alimli mundialı Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş Avropa çempionat ilə müqayisə edib:
"Orada da hədəfimiz ən azı iki qızıl medal qazanmaq idi. Amma biri ilə kifayətləndik. Nihad Məmişov (55 kq) həmin vaxt ilk qarşılaşmasında Serbiya idmançısına uduzmuşdu. Amma ona inandığımız üçün dünya çempionata da apardıq. Həmin məğlubiyyətin təsadüf olduğunu sübut etdi. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olandan sonra cüdoçularımızın motivasiyası artıb. Prezident İlham Əliyev və Azərbaycan Cüdo Federasiyasının idmana daim diqqət və qayğı göstərir".
Baş məşqçi N.Məmişovun ikiqat dünya çempionu olması barədə də danışıb:
"O, çox sabit və nizam-intizamlı cüdoçudur. 2023-cü ildə də dünya çempionatında sözünü demişdi. Bu dəfə beş görüşün hamısında "nevaza"da qalib gəldi. Bu da onu göstərir ki, Azərbaycan cüdoçuları tək "takivaza"da deyil, "nevaza"da da qələbə əldə edə bilirlər. Yerdə güləşmələri çox mükəmməl və texnikalı olmalarından xəbər verir. Yeniyetmə idmançılarımız bu il "nevaza"da uduzmayıblar. Ancaq qalib gəlmişik. Bu əvvəllər ölkə cüdosunda problemlərdən biri idi".
Mütəxəssis qarşıdakı hədəflərdən də söz açıb:
"Gələcəkdə yeniyetmə cüdoçuları daha da inkişaf etdirmək hədəflərimizdən biridir. Azərbaycan Cüdo Federasiyasının seçdiyi yol, düzgün kadr seçimi, iş prinsipi bəhrə verir. Böyüklərdə, gənclərdə və yeniyetmələrdə nəticələr göz qapağındadır. Bu da tək məşqçilərin işi deyil, federasiyanın düzgün işləməsidir. Hamı yumruq kimi birlikdə işləyir. Hədəflərimiz böyükdür. Bütün yarışlarda Azərbaycan cüdosu lider olmaq istəyir".
Qeyd edək ki, Perunun paytaxtı Limada Nihad Məmişov (55 kq) və Cəsur İbadlı (73 kq) dünya çempionu olublar. Məhəmmədəli Hüsiyev (50 kq) və Mehdi Abbasov (81 kq) bürünc medal qazanıblar.