ABŞ-da yaşayan və qarışıq döyüş növü (MMA) və UFC-də (Mütləq Döyüş Çempionatı) Azərbaycanı təmsil edən həmyerlimiz Nazim Sadıxov Nyu-Yorkda tarixi döyüşə çıxıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, Nyu-York şəhərindəki "Madison Square Garden"da keçirilən 3 raunddan ibarət dueldə N.Sadıxov rusiyalı Vyaçeslav Borşevlə üz-üzə gəlib.
29 yaşlı N.Sadıxov ilk raundda ağır zərbələrlə rəqibini bir neçə dəqiqəlik nokdauna salıb. Üçüncü raundda rusiyalı döyüşçü xüsusi fəndlə yarışda üstünlük əldə edib.
Sonda hakimlər döyüşün heç-heçə başa çatdığını elan ediblər.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın sonunda hər iki idmançı qarşılıqlı “Tərəkəmə” rəqsi oynayıblar. İdmançıların rəqsləri böyük maraqla izlənib. "Gecənin döyüşü" (“Fight of the night”) adı verilən yarış UFC-nin "ən yaxşı şou"su elan olunub.