Bizim yer aldığımız qrup daha çətindir.
Bunu "Report"a açıqlamasında Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Validarvi deyib.
Mütəxəssis 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək Avropa çempionatındakı rəqiblər barədə danışıb. O, Azərbaycan yığmasının ev sahibi olduğundan qarışıq komandaların qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə qazandığını xatırladıb:
"Avropanın ən güclülərindən olan digər 7 komanda isə dekabrda təsnifat mərhələsini uğurla başa vuraraq həlledici mərhələyə yüksəlib. Püşkatmaya gəlincə, müqayisə etsək, bizim yer aldığımız birinci qrup daha çətindir. Son çempion Danimarka və İngiltərə yığmaları ilə bir qrupda yer almağımız belə düşünməyə əsas verir. İspaniya yığması da güclü rəqibdir. Artıq oyunların təqvimi də məlumdur. Fevralın 12-də ilk matçımız heyətində olimpiya çempionları yer alan Danimarka millisinə qarşı olacaq. İkinci görüşümüz İngiltərəyə, sonuncu isə İspaniyaya qarşı olacaq. Qrupda yer alan rəqiblərin hər birinin heyətində olimpiadanın mükafatçıları və iştirakçıları yer alıb. Demək olar ki, hər 5 kateqoriya üzrə dünyada “top-10”da yer alan badmintonçular var".
Baş məşqçi dünya badminton ictimaiyyətinin diqqətinin Bakıya yönələcəyini vurğulayıb:
"Düşünürəm ki, Bakı İdman Sarayında olimpiya çempionlarını izləmək azarkeşlərə də maraqlı olacaq. Bu səviyyədə yarışın ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkə badmintonu üçün böyük hadisədir. Çünki burada təşkilati məsələlər yüksək səviyyədə həyata keçirilir. Azərbaycanı bu cür mötəbər turnirdə layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, reqlamentə görə bir badmintonçu maksimum iki kateqoriyada mübarizə apara bilər. Təbii ki, yüksək səviyyəli rəqiblərlə qarşılaşmaq bizim üçün ilk növbədə böyük təcrübə olacaq. Müqayisəli götürsək, rəqiblərin heyəti daha genişdir. Məsələn, Danimarkada ikiqat olimpiya çempionu Viktor Akselsen yalnız kişilərin şəxsi yarışında mübarizə aparacaq. Eynilə də digərləri yalnız bir kateqoriya üzrə qüvvəsini sınayacaq. Bizdə isə bu baxımdan rotasiya imkanları geniş deyil. Amma yenə deyirəm, səviyyəli badmitonçuların Azərbaycana gəlişi bizim idmançılar üçün böyük fürsətdir. Bu cür turnirlər həmçinin badmintonun inkişafına, kütləviliyin, marağın artmasına təkan verir".
O, dekabrın 16-dan təlim-məşq toplanışına start verdiklərini diqqətə çatdırıb:
"Qitə çempionatına hazırlıq məqsədilə ilk mərhələdə Bakıda, ardınca ölkə xaricində təlim-məşq toplanışlarımız nəzərdə tutulub. İlk mərhələdə daha çox fiziki hazırlıq üzərində işləyəcəyik. İkinci mərhələdə isə artıq texniki-taktiki hazırlığa üstünlük veriləcək”.
Qeyd edək ki, I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son Avropa çempionu Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq.