Avropa çempionumuzdan təklif: "Şahmatda xallar futboldakı kimi hesablansın"

Avropa çempionumuzdan təklif: "Şahmatda xallar futboldakı kimi hesablansın" "Mahir müəllimin fikirləri maraqlıdır. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidentidir. Bunu deyirsə, deməli, mübarizə aparmaq lazımdır"
Fərdi
21 Mart , 2021 21:40
Avropa çempionumuzdan təklif: Şahmatda xallar futboldakı kimi hesablansın
Rauf Məmmədov

"Mahir müəllimin fikirləri maraqlıdır. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidentidir. Bunu deyirsə, deməli, mübarizə aparmaq lazımdır".

"Report"un məlumatına görə, bunları Azərbaycan şahmatçısı Rauf Məmmədov FIDE-nin vitse-prezidenti Mahir Məmmədovun Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun öz aralarında bilərəkdən heç-heçə oynamaları barədə fikirlərinə münasibət bildirərkən deyib.

Üçqat Avropa çempionunun sözlərinə görə, bu hallara son qoymaq üçün futbol sisteminə keçmək lazımdır: "3 xal qələbə, 1 xal heç-heçə olsun. Bundan sonra belə söhbətlər olmayacaq. Mahir Məmmədov FIDE-nin vitse-prezidenti kimi bu məsələni qaldıra bilər. Ondan sonra bu hadisə baş verməz. Çünki heç kimə heç-heçə sərf etməyəcək".

Məmmədov bildirib ki, bu, təkcə azərbaycanlı qrossmeysterlərin arasında olmur: "Digər şahmatçıların da görüşlərində bu hallara rast gəlinir. Bu, düzgün problemdir. Sistemi dəyişdirmək lazımdır. Bundan sonra şahmat daha maraqlı olacaq. Mahir Məmmədov bizə qulaq asırsa, bu məsələni FIDE-də qaldırar. Ondan sonra bu cür heç-heçələr olmayacaq".

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov “Report”a müsahibəsində Məmmədyarov - Rəcəbov dueli barədə deyib ki, onların öz aralarında heç-heçə oynaması düzgün deyil, idman prinsiplərinə cavab vermir. Hətta orada Rauf Məmmədovun da adını hallandırıb. Bildirib ki, Karyakin, Məmmədyarov və Rəcəbov bir-biriləri ilə oynayırlarsa, deməli, 3 heç-heçə hazırdır. Rauf Məmmədov da ora daxil olsa, daha bir heç-heçə bəllidir.

Son xəbərlər

Orphus sistemi