"Bizi ən çox Paris olimpiadasına lisenziya xarakteri daşıyan komanda yarışları maraqlandırır".
Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında qılıncoynatma üzrə Azərbaycan millisinin lideri Anna Başta III Avropa Oyunlarındakı hədəfləri barədə danışarkən deyib.
27 yaşlı idmançı bildirib ki, fərdi yarışlar Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya vermədiyi üçün əsas fikirlərini kollektiv mübarizəyə yönəldiblər:
"Komandamız buraya tam heyətlə gəlib. Fərdi yarışlardakı nəticə bizim üçün elə də önəmli deyil. Sadəcə, özümüzü yoxlamaq məqsədi daşıyır. Komanda yarışları isə olimpiadaya lisenziya xarakteri daşıdığından qələbə qazanmaq istəyirik. Güclü rəqiblərlə qarşılaşacağıq. Düşünürəm ki, bizdə alınacaq. Düzdür, fərdi yarışlarda hansısa idmançımız Avropa Oyunlarında qızıl medal əldə etsə, əla olar. Amma dediyim kimi, biz buna daha çox komanda yarışlarına hazırlıq kimi baxırıq. Hazırkı yoldaşlarımla birlikdə olimpiadada olmaq istəyirik".
Qeyd edək ki, III Avropa Oyunlarında sablyaçıların komanda yarışları iyunun 30-da keçiriləcək.

