Fransanın Strasburq şəhərində Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi komitəsinin (CAHAMA) 57-ci iclası keçirilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) "Report"a verilən məlumata görə, toplantıda iştirak edən AMADA-nın direktoru, Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli hesabat xarakterli məruzə ilə çıxış edib.
Ş.Hüseynli həmçinin rəhbərlik etdiyi Avropa Şurasında yaradılan gender bərabərliyi üzrə xüsusi komitənin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, komitənin tərkibi artıq formalaşıb və keçirilən ilk iclasda fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Xüsusi komitə Ş.Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini daha əhatəli formada həyata keçirmək və onun icrasını dəstəkləmək məqsədilə yaradılıb.
Məruzə dinlənildikdən sonra isə növbəti dövr üçün məruzəçinin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib. Bu zaman Yenidən Şəfəq Hüseynlinin namizədliyi irəli sürülüb və AMADA direktoruna növbəti iki il müddətinə etimad göstərilib.
Qeyd edək ki, Şəfəq Hüseynli ilk dəfə 2019-cu ildə Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib. Avropa Şurasının hökumətlərarası orqanları və digər strukturları çərçivəsində təyin edilən gender bərabərliyi üzrə məruzəçilər tərkibində olduqları müvafiq orqan və ya strukturun işinə, siyasətinə, proqram və fəaliyyətlərinə gender bərabərliyi konsepsiyasının daxil edilməsi yollarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər.