Türkiyə 8 ayda Azərbaycan qazını alan ölkələr arasında liderliyini qoruyub
- 21 oktyabr, 2024
- 08:13
Azərbaycan bu ilin yanvar-avqust aylarında Türkiyəyə 6 milyard 678 milyon 49,91 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə Türkiyəyə tədarük edilən Azərbaycan qazının dəyəri 2 milyard 67 milyon 876,97 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac kəmiyyət ifadəsində 7,2 %, dəyər ifadəsində isə 21 % azalıb.
Ümumilikdə, 2024-cü ilin 8 ayında Azərbaycan 5 milyard 455 milyon 694,22 min ABŞ dolları (-1,9 dəfə) dəyərində 15 milyard 826 milyon 739,84 min kubmetr (-9 %) qaz ixrac edib. Ümumilikdə, hesabat dövründə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP3-ə Türkiyə, İtaliya və Bolqarıstan daxildir.
Türkiyə Azərbaycan qazının alışında birinci yeri tutub ki, yanvar-avqust aylarında Azərbaycandan ixrac edilən qazın 42,2 %-i bu ölkənin payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min ABŞ dolları dəyərində (2022-ci illə müqayisədə 66,7 % çox) 10 milyard 854 milyon 265 min kubmetr qaz (+58,4 %) ixrac edib.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.