STAR neft emalı zavodu xam neft idxalını 5 %-ə yaxın artırıb
- 29 aprel, 2024
- 12:42
Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 859 min 874 tondan çox xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 24 %-i deməkdir.
STAR zavodu üçün idxal edilən neftin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40 min 198 ton və ya 4,9 % çox olub.
Bu ilin fevral ayında Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 263 min 950 tondan çox xam neft idxal edilib. Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 246 min 512 ton və ya 12,2 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.