STAR neft emalı zavodu aviayanacaq istehsalını 2 dəfə artırıb

Energetika
  • 30 yanvar, 2024
  • 10:05
STAR neft emalı zavodu aviayanacaq istehsalını 2 dəfə artırıb

Ötən ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 64 min 764 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34 min 173 ton və ya 2,1 dəfə çoxdur.

Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 468 min 809 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 158 min 251 ton və ya 50,8 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti