“SOCAR Türkiyə Enerji” şirkəti ölkədə yeni neft-kimya güclərinin yaradılmasına investisiya qoyuluşunu 7 milyard ABŞ dolları məbləğində qiymətləndirir.
“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə şirkətin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Kənan Mirzəyev bu gün İstanbulda keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2025-2026-cı illərdə layihənin FEED hazırlanması istiqamətində aparılacaq işlər təxminən 50 milyon ABŞ dolları sərmayə tələb edəcək.
Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında tədavül edilir.