“SOCAR Trading”in baş direktoru dəyişib
- 08 aprel, 2025
- 11:16
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi – “SOCAR Trading”in baş direktoru vəzifəsinə Natiq Mustafayev təyin edilib.
Bu barədə “Report” şirkətin məlumatına istinadən xəbər verir.
Məlumata görə, təyinat aprelin 7-dən qüvvəyə minib. N.Mustafayev 2018-ci ildən bu vəzifəni icra edən Məryəm Almaszadəni əvəz edib.
"SOCAR Trading” N.Mustafayevin qlobal təcrübəsindən yararlanmaqdan məmnundur. Çünki şirkət innovasiyalar, davamlı inkişaf və əməliyyat səmərəliliyi kursunu davam etdirir. Dinamik enerji bazarı şəraitində biz dünya üzrə müştərilər və tərəfdaşlar üçün etibarlı və səmərəli həllər təqdim etməyə sadiq qalırıq", - məlumatda bildirilib.
N.Mustafayev inkişaf etməkdə olan bazarlar və beynəlxalq ticarət sahəsində dərin biliklərə malik olmaqla beynəlxalq maliyyə, investisiya strategiyaları, suveren kreditləşdirmə və risklərin idarə edilməsi sahəsində təxminən 20 illik təcrübəyə malikdir. Onun peşəkar təcrübəsi həm özəl, həm də dövlət sektorlarını əhatə edir, o cümlədən N.Mustafayev Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində və “BP Azerbaijan”da işləyib.
N.Mustafayev 2024-cü ilin sentyabrından “SOCAR Trading”in kommersiya strategiyası üzrə baş direktoru vəzifəsini tutub. Bundan əvvəl o, Londonda “Credit Suisse Securities”də rəhbər vəzifələrdə, 2014-cü ildən isə London və Bostonda “Barings”də idarəedici direktor və inkişaf etməkdə olan bazarların borc alətləri üzrə portfel meneceri kimi çalışıb. O, 15 milyard dollara qədər aktivlərin idarəçilyini həyata keçirib.
"Biz “SOCAR Trading”in qlobal iştirakını genişləndirməyi və portfeli həm məhsullar, həm də regionlar üzrə diversifikasiya etməyi hədəfləyirik. Əsas diqqət strateji təhlil, risklərin idarə edilməsi və yeni tərəfdaşlıqların inkişafına yönəldiləcək", - N.Mustafayev təyinatla əlaqədar qeyd edib.
Cenevrədə yerləşən “SOCAR Trading SA” 2007-ci ilin dekabrında təsis edilib.