SOCAR qaz ixracı üçün SCADA sistemi yaradacaq
- 06 aprel, 2024
- 09:14
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsi SCADA sisteminin texniki-iqtisadi əsaslandırmasının hazırlanması, konseptual layihələndirilməsi və ilkin layihələndirmə (“pre-feed”) işlərinin satınalınması üçün 1,104 milyon manat vəsait ayıracaq.
“Report” xəbər verir ki, bu barədə agentliyin sərəncamında olan SOCAR-ın materiallarında qeyd edilib.
Dövlət Neft Şirkəti bu işlərin həyata keçirilməsi üçün “Modern Engineering Bureau of Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 1,104 milyon manat təşkil edir və işlər 2024-cü ilin noyabrına qədər tamamlanmalıdır.
Xatırladaq ki, “Modern Engineering Bureau of Azerbaijan” MMC Azərbaycanda mühəndislik sahəsində aparıcı şirkətlərdən biridir, layihələndirmədən tutmuş mühəndis sistemlərinin diaqnostikasına və texniki xidmətinə, tikinti-quraşdırma, qaz təchizatı, kondisioner, İT xidmətləri, o cümlədən laboratoriyaların təşkilinə qədər geniş spektrli xidmətlər göstərir.