Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti “Neft Daşları”na səfər edib.
SOCAR-dan "Report"a verilən məlumata görə, nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Sonra Ulu Öndərin adını daşıyan muzeydə nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar, habelə ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş neftçilərin abidə kompleksini ziyarət edən nümayəndə heyətinin qazilərlə görüşü keçirilib.
“Neft Daşları”nın 30 illiyi münasibəti ilə ucaldılmış kompozisiya ilə tanış olan nümayəndə heyəti burada “Neft Daşları” NQÇİ-nin əməkdaşları ilə görüşüb.
Rövşən Nəcəf əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən yeni neft strategiyamızın uğurla icra edilməsində Azərbaycan neftçilərinin müstəsna rola malik olduğunu vurğulayıb.
Neftçi peşəsinin böyük əzmkarlıq və fədakarlıq tələb etdiyini bildirən SOCAR prezidenti onları qarşıdan gələn “Neftçilər Günü” peşə bayramı münasibətilə təbrik edib. Görüşdə bir sıra əməkdaş səmərəli əmək fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif olunub. Daha sonra SOCAR prezidenti neftçilərin şəraiti ilə yaxından tanış olmaq məqsədilə onların qaldığı yataqxananı ziyarət edib.
Nümayəndə heyəti həmçinin Qaz Turbin İstilik Elektrik Stansiyasına, "28 May” NQÇİ-nin “Neft Daşları” sahəsində 1741 saylı estakadayanı meydança ilə Qaz separasiya məntəqəsi arası yeni əvəzedici estakadanın tikintisinə, Sıxıcı Kompressor Stansiyasına və digər istehsalat obyektlərinə yerində baxış keçirib, “Neft Daşları” NQÇİ-nin Operativ İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.
Səfərin sonunda SOCAR-ın nümayəndə heyətinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib. SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edən Rövşən Nəcəf, bu istiqamətdə peşəkar və yüksəkixtisaslı kadr potensialının əhəmiyyətindən danışıb, “Neft Daşları”nın bundan sonra da insan kapitalımızın inkişafına dəyərli töhfə verməyə davam edəcəyini bildirib.