Pandemiya dövründə Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodu və Türkiyədə yerləşən STAR Neft Emalı Zavodu fəaliyyətini davam etdirib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
“Heydər Əliyev adına Neft Emalı Zavodu ölkədə və Cənubi Qafqaz regionunda yeganə neft emalı müəssisəsidir. Zavodun məhsulları əsasən ölkəmizin tələbatına yönləndirilir, bir qismi ixrac olunur. Ölkədaxili tələbat azaldığı təqdirdə, daha çox məhsulun ixrac olunması mümkün olur, çünki geniş coğrafiyada az saylı NEZ-lərdən biridir. Məhz buna görə son dövrdə dünyada və ölkəmizdə yanacaq məhsullarına tələbatın kəskin azalmasına baxmayaraq, regionumuzun yeganə NEZ-i öz fəaliyyətini davam etdirir, bir halda ki, dünyanın bir çox yerində digər şirkətlərə məxsus olan neft emalı zavodları pandemiya və tələbatın kəskin azalması şəraitində fəaliyyətlərini dayandırmağa məcbur oldular”, - qeyd edib.
SOCAR rəsmisi bildirib ki, ötən ilin analoji dövrü ilə müqayisədə NEZ-in emal həcmi bu ilin ilk 7 ayında ancaq 4% azalaraq, 3,47 milyon ton neft təşkil edib. Onun sözlərinə görə, azalma əsasən təyyarə yanacağı kimi müəyyən məhsulların payına düşüb, bu da bütün dünyada uçuşların sayının azalması ilə bağlıdır. O qeyd edib ki, lakin dizel və avtomobil benzinin istehsalat həcmi əksinə artıb: “Heydər Əliyev adına NEZ istehsal etdiyi məhsulların nisbətini bazarın tələbatına uyğunlaşdırır. Daha az təyyarə yanacağı istehsal etsə də, digər yanacaq növlərinin istehsalını artırıb”.
İ.Əhmədov bildirib ki, analoji taktika SOCAR-ın Türkiyədəki STAR NEZ-ində də tətbiq olunur. “Orada da, zavodumuz fəaliyyətini dayandırmadı, bunun əvəzində istehsalın nisbətində dəyişiklik etdi. Bu il təyyarə yanacağının istehsalı azaldıldı, ancaq dizelin istehsal həcmi artırıldı.
Karantin məhdudiyyətləri ilə əlaqədar olaraq, ölkə daxilində yanacaq məhsullarına tələbat əsasən aprel, may və iyun aylarında azalmışdı və indi tədricən əvvəlki səviyyəyə qayıdır. Ölkə daxilində yanacağa olan tələbat ötən aylarda azalsa da, izafi qalan, yəni ölkə daxilində istehlak olunmayan məhsul SOCAR tərəfindən ixrac olunub”, - o əlavə edib.
SOCAR rəsmisi qeyd edib ki, bu ilin ilk 7 ayında dizelin ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 59 min ton və ya 13% artıb. O xatırladıb ki, ötən ildə Aİ-92 benzini ümumiyyətlə ixrac olunmurdu, istehsal olunan avtomobil benzini tam olaraq ölkənin daxili istehlakına verilirdi: “Ancaq bu il benzinin daxili istehlakı da azaldı və benzinin ixracı üçün şərait yarandı. Beləliklə, may, iyun və iyul aylarında ümumilikdə 64 min ton Aİ-92 markalı benzin ixrac olunub. Hazırda ölkədə tələbat tədricən əvvəlki səviyyəyə qayıdır və buna görə də avqust ayında benzinin ixracı planlaşdırılmır.
NEZ-in modernizasiya layihəsi pandemiya şəraitində də davam edir. Bütün ölkələrdə tətbiq edilən “lokdaun” tədbirləri sənaye layihələrinə birbaşa təsir göstərir, çünki mal-materialların, mütəxəssislərin hərəkətini əngəlləyir və müəyyən gecikmələrə səbəb ola bilər. Buna baxmayaraq, zavodun modernizasiya layihəsində vəziyyət idarəolunandır. Avro-5 standartına cavab verən yanacağın istehsal olunması 2022-ci ildə gözlənilir”,- İ.Əhmədov əlavə edib.