Giya Abaşidze: Gürcüstan və Azərbaycan hibrid hücumlara qarşı mübarizədə əməkdaşlıq etməlidir
- 05 dekabr, 2025
- 11:11
Gürcüstan və Azərbaycan hibrid müharibələrə qarşı mübarizə aparmaq üçün əməkdaşlıq etməlidir.
"Report" xəbər verir ki, bunu "PosTV" teleşirkətinin analitik qrupunun nümayəndəsi Giya Abaşidze Bakıda keçirilən Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində jurnalistlərə bildirib.
"Gürcüstana, Azərbaycana qarşı hibrid müharibənin getdiyi, ölkəmiz haqqında hər cür xoşagəlməz xəbərlərin yayıldığı bir vaxtda həm Azərbaycandakı dostlarımız, həmkarlarımız, həm də digər tərəfdaşlarımızla təcrübə mübadiləsi aparmaq lazımdır. İndi Gürcüstana qarşı çox alçaldıcı kampaniya aparılır", - o bildirib.
O, xarici KİV-lərdə Gürcüstan hakimiyyətinə qarşı yer alan ittihamları misal gətirib: "BBC yazıb ki, guya Gürcüstanda bir il əvvəl (Tbilisidəki etiraz aksiyalarında - red.) nümayişçilərə qarşı kimyəvi silah istifadə edilib, amma təbii ki, buna dair heç bir sübut tapmadılar".
"Buna görə də Gürcüstana, Azərbaycana qarşı hibrid müharibənin qarşısını almaq lazımdır", - G.Abaşidze vurğulayıb. O əlavə edib ki, bunun üçün sıx qarşılıqlı fəaliyyət həyata keçirilməlidir: "İki ölkənin media qurumları, siyasətçiləri, politoloqları və ekspertləri arasında əməkdaşlıq vacibdir".