SOCAR-ın Türkiyədəki zavodu neft koksu istehsalını 14 %-ə yaxın azaldıb
- 28 mart, 2024
- 09:34
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 65 min 762 tona yaxın neft koksu istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 min 360 ton və ya 13,6 % azdır.
2024-cü ilin yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 126 min 628 tona yaxın neft koksu istehsal edilib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 29 min 484 ton və ya 18,9 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.