SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 52 %-dən çox artırıb
- 28 aprel, 2025
- 16:32
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 47 min 386 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 16 min 250 ton və ya 52,2 % çoxdur.
Fevral ayında STAR NEZ tərəfindən 25 min 580 ton LPG istehsal edilib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 min 493 ton və ya 69,5 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-fevral aylarında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 167 min 592 tondan çox LPG istehsal edilib ki, bu da 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 17 min 144 ton və ya 11,4 % çoxdur. Fevral ayında isə ümumilikdə 85 min 428 tona yaxın LPG istehsal edilib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 9 min 627 ton və ya 12,7 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.