SOCAR-ın neft emalı zavodu Türkiyənin 500 ən iri şirkəti arasında ikinci olub

Energetika
  • 27 sentyabr, 2023
  • 06:38
SOCAR-ın neft emalı zavodu Türkiyənin 500 ən iri şirkəti arasında ikinci olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki birbaşa yatırımçısı olan STAR neft emalı zavodu (NEZ) bu ölkənin satışlarına görə ən çox gəlir əldə edən 500 ən iri istehsal müəssissəsi siyahısında ikinci olub.

“Report”un İstanbul Sənaye Palatasına (İstanbul Sanayi Odası (İSO) istinadən verdiyi məlumata görə, STAR neft emalı zavodu 2022-ci ildə istehsal etdiyi məhsulların satışlarından 189,2 milyard lirə gəlir əldə edib. 2021-ci ildə isə NEZ bu siyahıda üçüncü olub ki, bununla da SOCAR-ın Türkiyədəki yatırımı olan müəssisə bir ildə bir pillə irəliləyib.

Ümumilikdə isə Türkiyənin 500 sənaye müəssisəsi 2022-ci ildə istehsaldan satışlarını 119 % artıraraq 2 trilyon 48 milyard lirədən 4 trilyon 485 milyard lirəyə yüksəldiblər. Sənayenin nəhəngi 418,4 milyard lirəlik satışla bir daha TÜPRAŞ olub.

İlk üçlüyü “Ford Otomotiv” şirkəti qapadır. 2021-ci ildə satışlardan əldə edilən gəlirə görə ikinci sırada olan şirkət, 2022-ci ildə 140,1 milyard türk lirəsi əldə edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.