SOCAR-ın bu il Qaz Emalı Zavodunda təmizlənmiş təbii qazın həcmi 1,6 mlrd. kubmetr olub

SOCAR-ın bu il Qaz Emalı Zavodunda təmizlənmiş təbii qazın həcmi 1,6 mlrd. kubmetr olub Təbii qazın emalı üzrə zavodun faktiki orta illik istehsal gücündən 63% istifadə edilib
Energetika
18 Sentyabr , 2017 10:29
SOCAR-ın bu il Qaz Emalı Zavodunda təmizlənmiş təbii qazın həcmi 1,6 mlrd. kubmetr olub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunda 1 680,9 mln. kubmetr təbii qaz emal edilib.

“Report” xəbər verir ki, bunu Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayev “Respublika” qəzetinə bildirib.

Onun sözlərinə görə, emaldan sonra təhvil verilmiş təmizlənmiş təbii qazın həcmi 1 648,8 mln. kubmetr təşkil edib: “Təbii qazın emalı üzrə zavodun faktiki orta illik istehsal gücündən 63% istifadə edilib.Texnoloji reqlamentə müvafiq olaraq hər 1 000 kubmetr təbii qazın emalı zamanı itkilər 5,8 kubmetr, texnoloji prosesin aparılmasında sərf edilən yanacaq qazın həcmi isə 11,3 kubmetr təşkil edib. Təbii qazın emalından 19 min ton qeyri-sabit qaz benzini əldə edilib. Əldə edilən qeyri-sabit qaz benzininin 18,8 min tonu fraksiyalaşdırmaya verilib, 7,3 min ton texniki butan və 11,4 min ton qaz benzini (nafta) istehsal edilib”.

Zavodun direktoru qeyd edib ki, bu dövr ərzində “Azneft” İB ilə Qaz Emalı Zavodu arasında bağlanılmış xidmət və ticarət agenti müqavilələri çərçivəsində 7,5 min ton texniki butan və 11,6 min ton qaz benzini yüklənilib. Onun sözlərinə görə, yüklənilmiş texniki butanın 4,6 min tonu “Azərikimya” İB-yə göndərilib. “Zavodun texnoloji qurğuları, əmtəə parkı və aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təsərrüfatı sahələri, onlar üçün təsdiq olunmuş texnoloji xəritələrə uyğun normal texnoloji rejimdə işləyiblər. Texnoloji xəritələrdən kənarlaşmalar olmayıb. Zavodda istehsal olunan hazır məhsulların (sənaye və kommunal-məişət təyinatlı təbii yanacaq qazları - təmizlənmiş təbii qaz, qaz benzini (nafta), kommunal-məişət istifadəsi üçün mayeləşdirilmiş karbohidrogen yanacaq qazları (texniki butan)), aralıq məhsulların (qeyri-sabit qaz benzini, yanacaq qazı (desorbsiya qazları)) keyfiyyət göstəriciləri müvafiq texniki şərtlərin — QOST, TŞ AZ və MST-lərin tələblərinə tam cavab verir”, - deyə zavodun direktoru əlavə edib.

Son xəbərlər

Orphus sistemi