SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilə qədər aşağı karbonlu istiqamət hesabına layihə portfelini şaxələndirməyi planlaşdırır.
Energetika
2 Oktyabr , 2024 11:38
SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilə qədər aşağı karbonlu istiqamət hesabına layihə portfelini şaxələndirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin üçüncü günündə keçirilən panel müzakirəsində deyib.

"SOCAR neft-qaz şirkətindən milli enerji şirkətinə necə çevriləcəyi ilə bağlı aydın baxışa malikdir. Hesab edirik ki, 2035-ci ilə qədər aşağı karbonlu layihələr və karbohidrogen hasilatı aktivləri hesabına şaxələndirilmiş portfelimiz olacaq", - o bildirib.

H.Abdullayevin sözlərinə görə, şirkət həmçinin öz istixana qazı emissiyalarını analoqlar və beynəlxalq standartlarla müqayisə edilə bilən səviyyəyə endirməyi planlaşdırır.

"Biz inanırıq ki, 2050-ci ilə qədər biz tamamilə bazarda möhkəm mövqe tutan milli enerji şirkətinə çevriləcəyik. Enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyik, həmçinin neft-qaz sənayesinin iqlimə təsirinin azaldılması üçün kifayət qədər səy göstərəcəyik", - o vurğulayıb.

O əlavə edib ki, SOCAR "2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün" hər bir əsas aktivi üzrə yol xəritəsi hazırlayıb.

"Biz həmçinin metan emissiyalarının azaldılması üzrə gələcək səylərimizi istiqamətləndirmək üçün beynəlxalq təşkilatlarla bir neçə tərəfdaşlıq əlaqəsi qurmuşuq. Bütün bunlar hazırladığımız və COP29-da nümayiş etdiriləcək metan süni intellekt platformamıza uyğun olacaq", - deyə o bildirib.

H.Abdullayev həmçinin qeyd edib ki, SOCAR gələn ilin may ayına qədər "Neft və Qaz Metan Tərəfdaşlığı" (OGMP 2.0) proqramı çərçivəsində öz hesabatını təqdim etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi