SOCAR 11 ayda neft ixracını 3 %-dən çox artırıb
- 11 dekabr, 2024
- 11:14
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft ixracı 3 milyon ton təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, 2023-cü ilin 11 ayı ilə müqayisədə 0,1 milyon və ya 3,4 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 22,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, 2023-cü ilin 11 ay ilə müqayisədə 0,9 milyon ton və ya 4 % azdır.
Hesabat dövründə konsorsium 19,2 milyon ton neft ixrac edib. Bu, bir il öncəki göstərici ilə müqayisədə 1 milyon ton və ya 4,9 % azdır.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.