Sentyabrda SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Energetika
  • 27 noyabr, 2024
  • 11:29
Sentyabrda SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 46 min 397 tona yaxın dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 449 min 787 tona yaxın və ya 10,7 dəfə azdır.

Ümumilikdə, 2024-cü ilin sentyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 934 min 958 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 368 min 583 ton və ya 28,3 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti