“Şahdəniz-2”nin şimal cinahında bu il hasilata başlanılacaq

Energetika
  • 04 noyabr, 2021
  • 10:40
“Şahdəniz-2”nin şimal cinahında bu il hasilata başlanılacaq

Bu ilin ikinci rübündə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” layihəsi çərçivəsində hasilata başlayan şərq-cənub cinahı üçüncü rübdə tam hasilat səviyyəsinə çatıb.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb.

Qərb-cənub cinahında İsrafil Hüseynov borudüzən gəmisi sualtı boruların quraşdırılmasını üçüncü rübdə uğurla və qrafiki qabaqlayaraq başa çatdırıb. Bu işlər zamanı gəmi özünün ən yüksək icra və məhsuldarlıq göstəricilərinə nail olub və bu da şərq-şimal cinahında 2022-ci ilin ikinci rübünə planlaşdırılan sualtı borudüzmə işlərini daha tez, 2021-ci ildə başlamağa imkan verib.

Ümumilikdə, qərb-cənub cinahında bütün sualtı quraşdırma işləri 2022-ci ilin ortalarına planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edir.

Rüb ərzində həmçinin şimal cinahında son 5-ci quyudan hasilatın 2021-ci ilin dördüncü rübündə başlanmasına hazırlıq işləri davam edib.

Bundan başqa, üçüncü rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“İstiqlal” və “Maersk Explorer” qazma qurğuları “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb. Yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb- cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Qeyd edık ki, bu il “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunur. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

Layihədə BP (operator – 28,83 %), "AzSD" (10 %), "SGC Upstream" (6,67 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti