Bakı. 6 yanvar. REPORT.AZ/ Yanvarın 7-də saat 10:00-dan 18:00-dək SOCAR-ın Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yaşma" Qazpaylama Stansiyasında, eləcə də bir neçə ölçü qovşağında, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-1” və “Kürdmaşı”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Kövər”, Astara magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Yardımlı” Qazpaylama stansiyalarında, həmçinin qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq. Bu barədə "Report"a SOCAR-ın İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.
Təmir müddətində Xızı rayonunun Yaşma və Giləzi, Hacıqabul rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Lerik və Yardımlı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.