Rumıniya şirkəti SOCAR-a yeni layihələrin həyata keçirilməsini təklif edib
- 08 aprel, 2024
- 14:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Rumıniyanın kimyəvi pereparatlar istehsalçısı “Chimcomplex Borzesti” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 5 layihənin həyata keçirilməsini təklif edib.
"Report" xəbər verir ki, bunu "Chimcomplex Borzesti"nin rəhbəri Ştefan Vuza özünün "LinkedIn" səhifəsində bildirib.
O, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyasının iclasında iştirak edən Rumıniya hökumət nümayəndə heyətinin tərkibində Bakıya səfər etdiyini bildirib: “Bakıda martın 31-dən aprelin 2-nə qədər Rumıniya və Azərbaycan hökumətləri arasında Birgə Komissiyanın 8-ci iclası keçirilib. “Chimcomplex” Rumıniyadan bu görüşdə iştirak edən yeganə özəl şirkət olub. Məqsədimiz Azərbaycanın ən böyük dövlət şirkəti olan, həm də sıx işgüzar əlaqələr qurduğumuz nəhəng “Petkim”in sahibi olan SOCAR-ın prezidenti ilə görüşmək idi”.
O bildirib ki, “Chimcomplex” hökumət nümayəndə heyətlərinin görüşündə iştiraka israr edib, çünki o, iki ölkə arasında biznesin inkişafı imkanlarını və istiqamətlərini qabaqcadan görür.
Ş.Vuza əlavə edib ki, görüş zamanı Azərbaycan tərəfinə həyata keçirilməsi üçün beş layihə təklif edib, lakin onların nə olduğunu açıqlamayıb: “Mən 5 güclü layihə təklif etdim. Əgər bunlardan heç olmasa biri başa çatdırılsa, o zaman bizim Azərbaycanla ticarət dövriyyəmizdə xeyli artım olacaq. Lakin bizim 5 layihədən 3-nü həyata keçirmək şansımız var. Proqnozlaşdırıram ki, bəxtimiz gətirsə, 5 layihənin hamısını həyata keçirəcəyik".
“Chimcomplex Borzesti” Rumıniyada xloroalkan və okso-spirtlər və s. istehsalında ixtisaslaşan mühüm kimyəvi materialların əsas istehsalçısı və tədarükçüsüdür. Şirkətin işçilərinin sayı təxminən 2 min nəfərdir. “Chimcomplex” Rumıniyanın ən böyük kimya zavodunu, Onesti və Rımniku-Vılça şəhərlərində iki platformanı idarə edir, bunlarla yanaşı, kimya məhsullarının ən böyük ixracatçısıdır.