Bu il Qazaxıstanda ilk şist neftinin hasilatı gözlənilir ki, bu da neft-qaz sektoruna investisiyaların cəlb edilməsi üçün əlavə stimullar yaradacaq.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu bu ölkənin Baş naziri Oljas Bektenov bu gün hökumətin geniş iclasında çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, 2024-cü ildə Qazaxıstanda neft hasilatı 2,4 milyon ton azalaraq Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinə mənfi təsir göstərib.
"Bu, əsasən ölkənin OPEC+ çərçivəsində götürdüyü öhdəliklər, həmçinin iri yataqlarda (“Tengiz”, “Kaşaqan”, “Karaçaqanak”) əsaslı təmir işlərinin aparılması ilə əlaqədar baş verib", - O.Bektenov qeyd edib.
Onun sözlərinə görə, ötən il Qazaxıstanda ÜDM 4,8 % artıb. 2023-cü ildə isə ÜDM artımı 5,1 %-ə çatıb.
"Ötən il yükdaşımaların həcmi 10 % artaraq təxminən 1 milyard tona çatıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə konteyner daşımaları 2,7 dəfə artıb", - O.Bektenov bildirib.
Baş nazirin müavini Serik Jumanqarin isə iclasda çıxışı zamanı bildirib ki, hazırda Qazaxıstanın dövlət borcu ÜDM-in 22,8 %-ni təşkil edir.
"Büdcə kəsiri yol verilən həddi aşmır və ÜDM-in 2,7 %-ni təşkil edir. Dövlət borcu bu gün ÜDM-in 22,8 %-nə bərabərdir. Qonşu ölkələrdə isə bu göstərici 30 % və daha yuxarıdır", - S.Jumanqarin bildirib.
O xatırladıb ki, hazırda parlamentdə müzakirə olunan yeni Vergi Məcəlləsinin layihəsində ikinci səviyyəli banklar, qumar biznesi, zinət əşyaları və s. üçün vergilərin artırılması, eləcə də vergi güzəştlərinin azaldılması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub.