“Qarabağ” yatağında neft hasilatının vaxtı açıqlanıb
- 07 oktyabr, 2021
- 11:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında dənizin 180 metr dərinliyində 12 quyunun qazılması və 20 şaxtalı dərin dəniz özülünün tikintisı nəzərdə tutulur.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) saytında dərc olunan şirkətin 2020-ci il üzrə illik hesabatında deyilir.
Hesabata əsasən, hazırda layihənin mühəndis işləri davam etdirilir: “Qarabağ” yatağında 2020-ci ilin mart ayında KPS-4 №-li qiymətləndirici quyuda qazma işləri tamamlanıb. Hazırda nəticələr təhlil edilir”.
Hesabatda həmçinin qeyd edilir ki, yataqdan ilkin neft hasilatının yenilənmiş cədvələ əsasən 2025-ci ildə əldə edilməsi nəzərdə tutulub: “Platformanın dayaq blokunun tikintisi başa çatdırılıb, daşınma və quraşdırma işlərinə hazırlanıb”.
"Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib.
Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la "Equinor" (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50 % paya malikdir.