Qarabağ və Şərqi Zəngəzurun investisiyalar üçün cəlbediciliyi daha da artırılır - TƏHLİL

Energetika
  • 30 dekabr, 2025
  • 16:11
Qarabağ və Şərqi Zəngəzurun investisiyalar üçün cəlbediciliyi daha da artırılır - TƏHLİL

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş bərpa və quruculuq mərhələsinə qədəm qoydu. Uzun illər viran qoyulmuş torpaqlar qısa zaman kəsiyində yenidən dirçəldi: magistral yollar salındı, şəhər və kəndlər yenidən inşa olundu, beynəlxalq hava limanları və müasir dəmiryolu stansiyaları istifadəyə verildi.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində insanların dədə-baba yurdlarına mərhələli şəkildə köçürülməsi artıq reallığa çevrilib. Paralel olaraq regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına tam reinteqrasiyası və dayanıqlı məşğulluğun təmin edilməsi əsas prioritetlər sırasındadır. Bu məqsədlə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün misilsiz stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Belə ki, parkların rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, elektrik enerjisi, su, kanalizasiya, fiber-optik rabitə, daxili avtomobil və dəmir yolu xətləri ilə təmin edilirlər. Bundan əlavə, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən, istehsal məqsədli texnika və texnoloji avadanlıqların idxalı zamanı isə ƏDV və gömrük rüsumlarından azad olunurlar.

Bununla yanaşı, azad edilmiş ərazilərdə yerləşən sənaye parkları üzrə əlavə üstünlüklər də mövcuddur: 90 %-ə qədər dövlət zəmanəti və 10 % subsidiya ilə güzəştli bank kreditləri, kommunal ödənişlərə 20 %-lik keşbek, dividend gəlirlərinin vergidən azad edilməsi, sosial sığorta haqları üzrə dövlət subsidiyası, mənfəət və kapitalın repatriasiyasının tam vergisiz həyata keçirilməsi, habelə Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə xammal idxalında gömrük və ƏDV güzəştləri.

Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödənişlərə 2026-cı ilin yanvarın 1-dən etibarən güzəştlərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması əsasən dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Dövlət dəstəyinin davamı olaraq, "Azərişıq" ASC-nin təklifi əsasında elektrik şəbəkəsinə qoşulma ilə bağlı mühüm güzəştlər müəyyən edilib.

Belə ki, məişət abonentləri, eləcə də istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektləri mövcud 0,4 kV-luq şəbəkəyə 1 fazalı sxem üzrə ödənişsiz qoşula biləcəklər. İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentləri və 200 kVt-a qədər gücə malik qeyri-yaşayış obyektləri üçün isə 0,4 kV-luq şəbəkəyə 3 fazalı sxem üzrə qoşulmada 65 %-lik güzəşt tətbiq ediləcək. Eyni zamanda, istehlak gücü 200 kVt-a qədər və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektləri, həmçinin elektrik enerjisi istehsalçılarına aid tikinti obyektləri aşağı və orta gərginlikli şəbəkəyə 3 fazalı sxem üzrə tam ödənişsiz qoşulacaqlar.

İşğaldan azad edilmiş ərazilərdə (1) və digər regionlarda (2) tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğlərinin müqayisəsi:

Xidmətin adı

Ölçü vahidi

Ödəniş məbləği (manat, ƏDV ilə)

1

2

1.

Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt daxil olmaqla) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması (təchizat sxemi üzrə)

1.1.

1-fazlı (10 kVt-a qədər, 10 kVt daxil olmaqla)

1 kVt güc üçün

0

40

1.2.

1-fazlı (10,1 kVt-dan 20 kVt-a qədər, 20 kVt daxil olmaqla)

1 kVt güc üçün

0

60

1.3.

3-fazlı

1 kVt güc üçün

102.55

293

2.

Tələb olunan gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (3-fazlı təchizat sxemi üzrə)

2.1.

Aşağı gərginlikli şəbəkədən

1 kVt güc üçün

0

293

2.2.

Orta gərginlikli şəbəkədən

1 kVt güc üçün

0

170

Bu qərarın güclü multiplikativ effekt verəcəyi şübhə doğurmur. Bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurda əhalinin məskunlaşmasını və iqtisadi reinteqrasiyanı sürətləndirəcək, digər tərəfdən isə işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artıraraq sahibkarlıq mühitini daha da canlandıracaq.

Nəticə etibarilə, tətbiq olunan güzəşt və azadolmalar elektrik şəbəkəsinə qoşulma prosesini abonentlər üçün daha əlçatan və sərfəli edir. Enerji xərclərinin azalması sahibkarların layihələrinin maliyyə səmərəliliyini yüksəldir, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına güclü stimul verir. Bu isə Qarabağın və Şərqi Zəngəzurun dayanıqlı iqtisadi dirçəlişinin mühüm sütunlarından birinə çevrilir.

Son xəbərlər

Bütün Xəbər Lenti