Pərviz Şahbazov: "Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqli gələn il artacaq"

Pərviz Şahbazov: "Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqli gələn il artacaq" Gələn il Cənubi Qaz Dəhlizi vasitəsi ilə Avropaya qaz nəqli artırılacaq.
Energetika
12 Mart , 2022 15:31
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqli gələn il artacaq

"Gələn il Cənub Qaz Dəhlizi (SGC) vasitəsi ilə Avropaya qaz nəqli artırılacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində təşkil edilən enerji təhlükəsizliyi ilə bağlı panel müzakirələrində çıxışı zamanı deyib.

"Cənub Qaz Dəhlizi artıq uğurlu layihə olduğunu təsdiqləyib. Bu dəhlizlə artıq qaz Türkiyə və Avropaya nəql olunur. Bu vaxt artıq birlikdə danışmağın zamanıdır. Çünki Azərbaycanın Xəzərdə nəhəng qaz yataqları var və mövcud infrastruktur yaxşı vəziyyətdədir. Energetika sahəsində ən müxtəlif şirkətlər Azərbaycanla əməkdaşlığa çox böyük maraq göstərir", - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanın energetika siyasətindən danışanda ilk növbədə Türkiyə ilə çox sıx əməkdaşlığımızdan və layihələrimizdən danışmalıyıq.

Nazir bildirib ki, energetika sahəsində inkişaf Azərbaycan ve Türkiyə əlaqələrinin əsas sütunlarından birini təşkil edir: "Gələcək əməkdaşlıq üçün də energetika əsas mövzularımızdandır".

O, enerji resurslarının nəqlində diversifikasiyanın vacibliyini də vurğulayıb: "Biz nələri balans və stabilliklə ağıllı şəkildə edə bilərik deyə düşünürük. Enerji təhlükəsizliyinin Azərbaycan üçün vazkeçilməz amil olduğu da hərkəsə məlumdur. Məhz belə bir dövrdə qeyd edə bilərəm ki, regionda və dünyada baş verən siyasi münaqişələr qaz bazarında qeyri-sabitliyi də özüylə birgə gətirir".

Qeyd edək ki, SGC layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsinin ikinci mərhələsi, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi.

Layihənin ümumi dəyəri təxminən 38 milyard ABŞ dolları təşkil edir.

Azərbaycan qazının TAP kəməri Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. Birinci il ərzində TAP qaz kəməri ilə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. 2022-ci ildə TAP ilə Avropaya qaz nəqlinin həcmi 10 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Azərbaycan tələb və müqavilələr olduğu halda Avropaya qaz nəqlini artırmağa hazır olduğunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi