AÇG-dən ötənilki hasilatın həcmi açıqlanıb
- 12 fevral, 2026
- 13:13
2025-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunda gündəlik hasilat orta hesabla 330 min barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.
"Report" xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşlarla birgə 2024-cü ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, 2025-ci ildə AÇG-dən ümumi hasilat – "Çıraq" (21 min barel), "Mərkəzi Azəri" (90 min barel), "Qərbi Azəri" (76 min barel), "Şərqi Azəri" (43 min barel), "Dərinsulu Günəşli" (51 000 barel), "Qərbi Çıraq" (24 000 min barel) və "Mərkəzi-Şərqi Azəri" (ACE) (25 min barel) platformalarından təşkil edib.
2025-ci ildə AÇG iki mühüm hadisəni qeyd edib. Fevralın 18-i "Mərkəzi Azəri" platformasından ilk neftin əldə olunmasının 20 ili tamam olub. "Mərkəzi Azəri" indiyədək ümumilikdə 1,2 milyard barrel (157 milyon ton) neft hasil etməklə AÇG platformaları arasında ən yüksək hasilat göstəcisinə malikdir. Daha sonra, dekabrın 30-u "Qərbi Azəri" platformasından ilk neft hasilatının 20 ili tamam olub. Bu platformadan isə indiyədək 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib.
2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, 49 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.