Neftin qiyməti: azalma səbəbləri, təsirləri və müddəti - RƏY

Neftin qiyməti: azalma səbəbləri, təsirləri və müddəti - RƏY “Dünya neft bazarında vəziyyət gərgin olaraq qalır. Bu gərginlik onunla xarakterizə olunur ki, bazarda təklif artıqlığı hökm sürür. Faktiki olaraq hazırda neft almaq istəyən yoxdur. Əslində, bazarda təklif artıqlığının olması böyük bir faciə deyil. Sadəcə neft bazarındakı vəziyyət onunla fərqlənir ki, təklif artıqlığının müqabilində tələb səviyyəsi getdikcə sıfıra doğru enməkdədir. Çünki hazırda dünya ölkələrində karantin vəziyyəti hökm sürür və onların iqtisadiyyatı donmuş vəziyyətdədir.
Energetika
21 Aprel , 2020 19:52
Neftin qiyməti: azalma səbəbləri, təsirləri və müddəti - RƏY

“Dünya neft bazarında vəziyyət gərgin olaraq qalır. Bu gərginlik onunla xarakterizə olunur ki, bazarda təklif artıqlığı hökm sürür. Faktiki olaraq hazırda neft almaq istəyən yoxdur. Əslində, bazarda təklif artıqlığının olması böyük bir faciə deyil. Sadəcə neft bazarındakı vəziyyət onunla fərqlənir ki, təklif artıqlığının müqabilində tələb səviyyəsi getdikcə sıfıra doğru enməkdədir. Çünki hazırda dünya ölkələrində karantin vəziyyəti hökm sürür və onların iqtisadiyyatı donmuş vəziyyətdədir. 

Nəqliyyatın müxtəlif növləri üzrə fəaliyyət dayanıb. Dünya üzrə aviasiya sahəsində fəaliyyət 20%-dən də aşağıdır. Karantin vəziyyəti ilə əlaqədar avtomobildən istifadə, yük və sərnişin daşıması azaldılıb. Yəni neftdən alınan məhsullar üzrə tələbatı hansı sahələr müəyyən edirdisə, o sahələrdə fəaliyyət dayanmış vəziyyətdədir. Bunun qarşılığında isə dünya ölkələrində neft hasilatı davam edir. Hər əldə olunan məhsul bazara çıxarıldıqca bazarda təklif baxımından mövcud vəziyyəti daha da çətinləşdirir. Hasilat davam etdiyi üçün, onsuz da, mövcud olan təklif artıqlığı hər dəfə bir az da çoxalır. Bunun qarşılığında tələbin sıfıra doğru yaxınlaşması isə vəziyyəti hədsiz dərəcədə mürəkkəbləşdirir”.

Bu sözləri dünya bazarında neftin qiymətinin düşməsinin səbəblərini və bununla əlaqəli yaranmış ümumi iqtisadi vəziyyəti “Report”a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Ekspert qeyd edib ki, neftin dünya bazar qiymətləri ilə bağlı yaxın müddətdə daha möcüzəvi xəbərlər eşidə bilərik:

“Bu gün tankerlər neftlə doludur, lakin alıcı yoxdur. Boru kəmərlərində axın, həmin kəmərlərdən boşalma həyata keçmədiyinə görə durğun vəziyyətdədir. Eyni zamanda müvafiq ehtiyat anbarlar da doludur, hasilat isə davam etməkdədir. ABŞ neftinin qiymətinin aşağı düşməsi də məhz bu proseslərlə əlaqədardır. ABŞ-ın özündə xam neft saxlayan rezervlərin hamısı dolmuş vəziyyətdədir. Satış isə həyata keçirilmir. O cümlədən satışa göndərilən neft də tankerlərdə qalıb və həmin tankerlər bazarlarda gözləmə mövqeyindədir. 

Dünya iqtisadiyyatında isə vəziyyətin nə vaxt bərpa olunacağı, ölkələr üzrə karantin rejiminin nə vaxt aradan götürüləcəyi, normal həyat rejminin nə vaxt bərpa olunacağı məlum deyil. Belə bir vəziyyətdə olar bilər ki, neftin dünya bazar qiymətləri ilə əlaqədar yaxın müddətdə biz daha möcüzəvi xəbərlər eşidək. Düzdür, bu yaxınlarda OPEC ölkələri bir araya gələ bildilər və martın əvvəlində Rusiya ilə Səudiyyə Ərəbistanı arasında olan anlaşılmazlığı aradan götürməklə iki il müddətinə gündəlik hasilatın təxminən 10 milyon barel həcmində azaldılması haqqında qərar qəbul etdilər. May ayından bu qərarın icrasına başlanılacaq. Lakin bu, vəziyyətə müsbət təsir göstərməyəcək. Çünki bu addımın ardınca tələbat da normal səviyyəyə gəlməlidir. Tələbatın enməsi prosesi dayanmalıdır". 

P.Heydərov hesab edir ki, adətən OPEC+ ölkələri hasilatın azaldılması haqqında nəinki müvafiq qərar qəbul edən kimi, hətta bunu etmək istədiklərini bildirən zaman dərhal bu, bazara təsir göstərirdi və qiymətlər qalxırdı: "Amma indi OPEC+ ölkələri altı aylıq deyil, hətta iki illik bir müddət üçün hasilatın azaldılması haqqında qərar qəbul etdilər, lakin bunun bazara faktiki heç bir təsiri olmadı. Bir ara qiymət 30 ABŞ dollara qədər qalxsa da, yenidən aşağı düşdü. Çünki iqtisadi indiqatorlar artıq o qədər güclü və təsirli xarakter daşıyır ki, bir qərar və ya bəyanatla neftin dünya bazar qiymətlərinə təsir imkanları tükənmiş vəziyyətdədir. Düşünürəm ki, bu ilin yazına qədər dünya neft bazarında mövcud vəziyyət qalmaqda davam edəcək. Dünya ölkələrində pandemiya ilə əlaqədar karantin vəziyyəti bu ilin birinci yarısının sonuna qədər aradan götürülərsə və ilin ikinci yarısında dünya iqtisadiyyatı tədricən özünə gəlməyə başlayarsa, yalnız o zaman dünya neft bazarında tələbin yenidən normal səviyyədə bərpa olunacağını gözləyə bilərik. Təklif artıqlığı yoxa çıxdıqdan sonra dünya bazarında neftin qiymətinin sabitləşməsindən danışmaq mümkündür. Bu proses isə təqribən bu ilin ikinci yarısına qədər uzanacaq”. 

Xatırladaq ki, dünən Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb. Belə ki, bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dolları olub. Qeyd edək ki, neftin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə enir. 

Son xəbərlər

Orphus sistemi