Moldova hökuməti məcburi təbii qaz ehtiyatlarının həcmini iki dəfə – təxminən 100 milyon kubmetrdən təqribən 50 milyon kubmetrə qədər azaltmağa qərar verib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV hökumətin mətbuat xidmətinə istinadən bildirib.
Moldovanın energetika naziri Viktor Parlikov qaz ehtiyatları normasının azaldılmasının məqsədəuyğunluğunu ölkənin artıq müəyyən həcmdə qaz topladığı və bu səbəbdən “Energocom”un əlavə ehtiyatlar yaratmağa ehtiyacı olmadığı ilə izah edib.
Onun sözlərinə görə, digər səbəb Moldova ilə qonşu olan Rumıniyada qazın saxlanması üçün məhdud imkanların olmasıdır.
Qeyd olunub ki, bu həcmlər bazarda kommersiya satışı üçün ehtiyatdır. Ehtiyatları bazarda qaz alışı ilə məşğul olan dövlət şirkəti “Energocom” yaratmalıdır.
Moldova orta hesabla ildə 1 milyard kubmetr təbii qaz istehlak edir (təxminən iki dəfə çox istehlak edən Dnestryanı regionu nəzərə alınmadan). 2022-ci il dekabrın 4-dən Moldova “Qazprom”dan aldığı bütün qaz həcmini Dnestryanı regiona göndərir, bu region isə əvəzində Moldovanın elektrik enerjisinə olan tələbatının 80 %-dən çoxunu ödəyir. Dnestryanıdakı Moldova İES ilə müqavilə 2024-cü ilin sonuna qədər bağlanıb.