Report Media Məktəbinin 22-ci qrupu təlim proqramına qoşulub
- 28 oktyabr, 2026
- 16:05
Yeniliklərdən dərhal xəbərdar olun!
"Global Media Group" Media Akademiyasının tərkibində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 22-ci qrupu yeni təlim proqramına qoşulub.
"Report" xəbər verir ki, müraciət edənlərdən 9 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək.
Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrlə görüşdə bildirib ki, agentlikdə reallaşan təlimlər gənc jurnalistlər üçün kiçik bir sınaqdır:
"Xəbərləri operativ qaydada təqdim etmək bacarığı bir gündə formalaşmır. Zaman tələb edən məsələdir. Bu işi mənimsəmək sizdən xeyli enerji sərf etməyi tələb edəcək. Düşünürəm, çətinliyə davam gətirib praktik biliklərə sahib ola biləcəksiniz. Ümid edirəm, Report Media Məktəbindəki təlim kursu sizə fayda verəcək".
"Global Management" MMC-nin İnsan resursları departamentinin baş meneceri Mələknaz Yusifova tələbələri davamiyyət məsələsinə ciddi yanaşmağa çağırıb:
"Təlimə vaxtı-vaxtında gəlmək, nizam-intizam qaydalarına riayət etmək sizə təlim proqramını əsaslı mənimsəməyə imkan verəcək. Nəyisə soruşmaqdan çəkinməyin. Qazandığınız hər bilik uğurlu karyeraya zəmin yaradacaq".
Report Media Məktəbinin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu tədris prosesi ilə bağlı fikirlərini bölüşüb:
"Qrup qismən jurnalistika fakültəsinin məzunlarından, qismən digər ixtisası qazanmış şəxslərdən formalaşıb. Hətta magistraturada təhsil alan jurnalistlər də var. Təlimin maraqlı bir yöndə davam edəcəyini düşünürük".
Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin tərkibində olan Report Media Məktəbində 2018-ci ildən təlimlər keçirilir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.
Report İnformasiya Agentliyi 2021-ci ildən "Global Media Group" Media Şirkətləri Qrupunun tərkibində fəaliyyət göstərir. Burada yaradılan Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiyada tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edilir.