Mərkəzi Asiyadan Azərbaycana gələcək yeni enerji xətti üçün birgə müəssisə Bakıda yerləşəcək

Energetika
  • 29 oktyabr, 2025
  • 11:32
Mərkəzi Asiyadan Azərbaycana gələcək yeni enerji xətti üçün birgə müəssisə Bakıda yerləşəcək

Bu ilin sonuna qədər Xəzər dənizi, Gürcüstan, Qara dəniz, Rumıniya və Macarıstanı birləşdirəcək interkonnektor layihəsi üzrə texniki-iqtisadi əsaslandırma (feasibility study) işlərinin başa çatdırılması gözlənilir.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, hazırda intensiv danışıqlar aparılır və ilkin nəticələr nikbin olmağa əsas verir:

"Yəqin ki, ilin sonundan sonra bu layihənin növbəti mərhələsinə keçidlə bağlı təkliflərimizi təqdim edə biləcəyik. İkinci interkonnektor - Mərkəzi Asiyadan Xəzər dənizinin dibi ilə Azərbaycana gələcək xətt üzrə birgə müəssisənin təsis prosesi çox qısa zamanda başa çatdırılacaq və müəssisə Bakıda fəaliyyətə başlayacaq. Eyni zamanda, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnkişaf Bankı layihənin təhlili üçün maliyyə ayırmaq qərarına gəlib. Yaxın vaxtlarda bu təhlillərin başlanacağı gözlənilir. Artıq texniki tapşırıqlar hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılıb və təqdim olunub".

C.Abdullayev qeyd edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan istiqamətini əhatə edən interkonnektor layihəsi üzrə də yüksək siyasi səviyyədə razılaşmalar mövcuddur və proses ilkin mərhələdən keçib:

"Dördüncü - xüsusi interkonnektorumuz Naxçıvandan keçərək Türkiyə və oradan Avropaya "yaşıl enerji"nin ixracını nəzərdə tutur. Bu istiqamətdə də qardaş Türkiyənin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılır. Çox ciddi qurum və təşkilatlar prosesə cəlb olunub. Təhlillər davam edir və yaxın zamanda bu ambisiyalı layihələrin iqtisadi cəhətdən səmərəliliyi barədə fikirlərimizi ictimaiyyətlə bölüşəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti