İki həftədən sonra Azərbaycan nefti Çexiya rezervuarlarında saxlanılacaq
- 03 iyun, 2025
- 10:33
"İki həftədən sonra Azərbaycan nefti Çexiya rezervuarlarında saxlanılmağa başlanılacaq.
“Report” xəbər verir ki, bunu Çexiyanın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Tomas Pojar Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Çexiya Azərbaycan neftinin ikinci ən böyük alıcısıdır: “Enerji təhlükəsizliyində təkcə mənbə ölkə deyil, həm də onun təyinat nöqtəsinə çatması mühüm əhəmiyyət kəsb edir. Hesab edirik ki, enerji sahəsində bir mənbədən asılılıq olmaz".
O qeyd edib ki, neft, qaz, kömür və nüvə enerjisi uzun illər ölkələrə xidmət edəcək: "Bərpa olunan enerji sahəsi ilə bağlı bir çox istiqamətdə çox işlər görmək lazımdır. Çexiya üçün enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Odur ki, bu sahədə əməkdaşlığın gücləndirilməsi marağımızdadır. Enerji asılılığımızı azaldaraq bu sahədə sabitliyi qorumaq istəyirik".