İGB-nin tikinti işlərinin 91 %-i tamamlanıb

Energetika
  • 19 aprel, 2022
  • 10:58
İGB-nin tikinti işlərinin 91 %-i tamamlanıb

Aprel ayının ortalarına Azərbaycanda hasil edilən təbii qazı Avropaya nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunda (Interconnector Greece – Bulgaria, IGB) bütün tikinti işlərinin 91 %-i yerinə yetirilib.

“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, tamamlanması lazım olan əsas elementlər arasında Cənubi Mərkəzi Bolqarıstanın Stara Zagora və Yunanıstanın Komotini bölgəsindəki iki qaz ölçmə məntəqəsi var.

Qeyd edək ki, İGB interkonnektoru hazırda demək olar ki, tamamilə Rusiya qazından asılı olan Bolqarıstana qaz nəqlinin mənbələri və marşrutlarının şaxələndirilməsi üçün həlledici əhəmiyyətə malikdir. Artıq boru kəmərinin qaz hidrostatik təzyiq sınağı başa çatıb. Bu, qaz boru kəmərinin struktur bütövlüyünü yenidən təsdiqləmək üçün bir neçə üsuldan biridir.

Belə ki, sınaq boru kəməri seqmentinin təbii qazla işləyəcəyi təzyiqdən yüksək olana qədər su ilə doldurulmasını əhatə edir. Test layihə şirkətinə boru kəmərinin təhlükəsiz iş təzyiqini təsdiqləməyə və quraşdırmanın keyfiyyətini yoxlayaraq struktur cəhətdən sağlam olmasına zəmanət veir.

ICGB-nin Bolqarıstan və Yunanıstan üzrə icraçı direktorları Teodora Georgieva və Konstantinos Karayannakos bildiriblər ki, hidrostatik təzyiq sınağının yekunlaşdırılması interkonnektorun tamamlanması və istismara verilməsi istiqamətində mühüm addımdır: “IGB layihəsi təkcə Bolqarıstan və Yunanıstan üçün deyil, həm də bütün region üçün strateji əhəmiyyət kəsb edir. Buna görə də tikinti şirkətinin işlərini mümkün qədər tez başa çatdırması gözlənilir ki, müvafiq qurumlar bütün lazımi işlərə başlaya bilsinlər. Bura interkonnektorun istismara verilməsi üçün inzibati prosedurlar da daxildir”.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti