ICGB və CESEC regionunun operatorları qazın keyfiyyəti üzrə ümumi standartlar barədə razılığa gəliblər

ICGB və CESEC regionunun operatorları qazın keyfiyyəti üzrə ümumi standartlar barədə razılığa gəliblər Yunanıstan-Bolqarıstan interkonnektorunun (İGB) operatoru ICGB şirkəti Mərkəzi və Cənub-Şərqi Avropa (CESEC) regionunun qaz şəbəkələri operatorları ilə qazın keyfiyyətinə dair tələblərə birgə yanaşma haqqında memorandum imzalayıb.
Energetika
29 Oktyabr , 2024 18:28
ICGB və CESEC regionunun operatorları qazın keyfiyyəti üzrə ümumi standartlar barədə razılığa gəliblər

Yunanıstan-Bolqarıstan interkonnektorunun (İGB) operatoru ICGB şirkəti Mərkəzi və Cənub-Şərqi Avropa (CESEC) regionunun qaz şəbəkələri operatorları ilə qazın keyfiyyətinə dair tələblərə birgə yanaşma haqqında memorandum imzalayıb.

Bu barədə “Report” ICGB-nin məlumatına istinadən xəbər verir.

"ICGB CESEC regionunda birləşmə nöqtələrində (IP) qazın keyfiyyətinə dair tələblərin uyğunlaşdırılması [unifikasiyası] üzrə birgə yanaşma və fəaliyyət planı haqqında Anlaşma Memorandumu imzalayıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, CESEC regionunda qaz operatorları Avropa Komissiyası ilə birlikdə hazırda qazın keyfiyyət parametrlərinin uyğunlaşdırılmasına üstünlük verirlər, çünki region Cənub Qaz Dəhlizi və Yunanıstan vasitəsilə mayeləşdirilmiş təbii qaz idxalı kimi yeni təchizat mənbələri hesabına Rusiya yanacağından asılılığını daim azaltmağa çalışır.

"Bu şaxələndirilmiş mənbələr müxtəlif qaz keyfiyyəti parametrləri ilə təchiz olunur. Bu da qaz infrastrukturunun qarşılıqlı əlaqəsini təmin etmək və onun sərhədlərarası ticarətinin və nəqlinin fasiləsiz təmin edilməsi üçün standartlaşdırma tələb edir", - məlumatda vurğulanıb.

Şirkət qeyd edir ki, Budapeştdə CESEC operatorlarının son iclasında Bolqarıstan, Yunanıstan, Rumıniya, Şimali Makedoniya, Xorvatiya, Moldova, Ukrayna, Sloveniya və Macarıstanın qaz operatorları "regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş" birgə fəaliyyətlə bağlı öhdəlik götürüblər.

ICGB-nin məlumatına görə, Bolqarıstan, Yunanıstan, Rumıniya, Şimali Makedoniya, Xorvatiya, Moldova, Ukrayna, Sloveniya və Macarıstanın qaz operatorları 30 aprel 2025-ci il tarixinədək regionda qazın keyfiyyətinə dair tələblərin uyğunlaşdırılmasının şəbəkələrə qoşulma müqavilələrinə təsirinin birgə qiymətləndirilməsini aparacaqlar. Vahid tələblərin hazırlanması üçün zəruri addımların qiymətləndirilməsini özündə əks etdirən fəaliyyət planı hazırlamalıdırlar.

"Bu, mövcud infrastrukturdan maksimum istifadə, qarşılıqlı əlaqənin təmin edilməsi və şaxələndirilmiş qaz axınları üçün potensialdan tam istifadə ilə bağlı həlledici əhəmiyyət kəsb edir. Təklif olunan yanaşma şəbəkə istifadəçiləri üçün şəffaflığın təmin edilməsinə yönəlib. Nəticədə tam inteqrasiya olunmuş daxili enerji bazarı üzrə Aİ-nin ambisiyalarını dəstəkləyərək, davamlı və əlçatan enerji keçidinin təmin edilməsi üçün əsas olacaq", - ICGB-nin icraçı direktorları Corc Satlas və Teodora Georgieva qeyd ediblər.

Xatırladaq ki, IGB qaz kəməri Yunanıstanın Komotinidəki milli qaz nəqli sisteminə (“DESFA SA”) və Trans-Adriatik Boru Kəmərinə (“TAP AG”), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə ("Bulgartransgaz EAD") birləşir. Hazırda interkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 %-ni təmin edir və Moldova ilə Ukrayna kimi əsas bazarlara şaxələndirilmiş təchizat üçün etibarlı marşrutdur.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, boru kəmərin diametri 32 düym, layihə gücü Yunanıstan-Bolqarıstan istiqamətində illik 3 milyard kubmetrə qədərdir.

Son xəbərlər

Orphus sistemi