Geoloq: "Naxçıvanda nadir torpaq elementləri araşdırılmalıdır"

Energetika
  • 24 sentyabr, 2026
  • 12:18
Geoloq: Naxçıvanda nadir torpaq elementləri araşdırılmalıdır

Naxçıvan Muxtar Respublikasında qızıl və mislə yanaşı, nadir torpaq elementləri araşdırılmalıdır.

Bunu "Report"a açıqlamasında Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun "Bərk faydalı qazıntıların geologiyası" laboratoriyasının müdiri, geologiya-mineralogiya elmləri namizədi (fəlsəfə doktoru) Rauf Kərimov sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bölgə əlvan və qiymətli metallar baxımından maraq doğuran mürəkkəb tektonik və magmatik zonaları əhatə edir: "Üstəlik, burada artıq qızıl və mis mineralizasiyası ilə bağlı məlum obyektlər və yataqlar mövcuddur. Yəni söhbət tamamilə öyrənilməmiş, geoloji baxımdan təsadüfi seçilmiş bir ərazidən getmir. Hazırda açıqlanan məlumatlar da bu potensialın real əsaslara söykəndiyini göstərir. Naxçıvanda "Göydağ" və "Başkənd" mis-qızıl yataqları üzrə ilkin resursların müəyyən edilməsi, "Ortakənd" qızıl yatağının isə gələcək layihələr sırasına daxil edilməsi xüsusilə diqqətəlayiqdir. Bundan əlavə, yeni geoloji-kəşfiyyat işlərinin aparılması mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi ilə yanaşı, indiyə qədər müəyyən edilməmiş yeni minerallaşma zonalarının aşkar edilməsinə imkan verə bilər.

Geoloq qeyd edib ki, Naxçıvanda əsas perspektiv qızıl və mislə məhdudlaşmır: "Ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla, polimetal və digər metal filizləri ilə yanaşı, nadir torpaq elementlərinin də sistemli şəkildə araşdırılması məqsədəuyğundur. Müasir geofiziki, geokimyəvi, peyk və aerogeofiziki üsulların tətbiqi burada əvvəllər aşkar edilməmiş, xüsusilə dərində yerləşən filiz sistemlərinin müəyyənləşdirilməsi imkanlarını xeyli artırır. Sistemli axtarış, geokimyəvi və geofiziki tədqiqatların, daha sonra isə qazma işlərinin müsbət nəticə verməsi Naxçıvanın qızıl-mis və digər metal filizləri üzrə Azərbaycanın əhəmiyyətli yeni resurs bazalarından birinə çevrilməsi üçün real perspektiv yarada bilər".