“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Dövlət Neft Şirkətinin (SOCAR) Müstəqil Kredit Profilini (SCP) “b+” səviyyəsində qiymətləndirir, bununla belə, əsas məhdudlaşdırıcı amil yüksək borc yükü olduğu bildirilir.
“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
“Borcun kapitalın dəyərinə nisbəti (leverec) yüksək olsa da, nəzarət altındadır. SOCAR-ın 2020-ci il nəticələri zəif beynəlxalq neft qiymətlərinə baxmayaraq, kifayət qədər yüksək olub. Şirkətin bu il daha yüksək beynəlxalq neft qiymətləri və 2021-ci ilin yanvar ayından etibarən tənzimlənən yanacaq qiymətlərinin artması fonunda mənfəətinin artacağını gözləyirik”, - deyə agentlik qeyd edir.
SOCAR-ın Müstəqil Kredit Profili eyni zamanda şirkətin gündəlik hasilatının 277 min barel neft ekvivalenti qədər kifayət qədər yüksək səviyyədə və 12 illik möhkəm təsdiq edilmiş neft ehtiyatlarının olmasını nəzərə alır. “Fitch" SOCAR-ın mənfəətliliyini 2020-ci ildə 18 ABŞ dolları/barel səviyyəsində olmasını yaxşı hesab edir və bu "Dutch Shell plc" (AA-/Stable; 18 ABŞ dolları/barel) kimi inteqrasiya olunmuş neft şirkətlərinin göstəricilərinə uyğundur.