Ekspert: “Ukrayna Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalır”
- 20 dekabr, 2022
- 17:55
Rusiya raket və pilotsuz uçuş aparatları vasitəsilə Ukraynanın enerji obyektlərinə zərbələr endirməkdə davam edir. Bu aviahücumlar nəticəsində milyonlarla ukraynalı sərt qışda işıqsız, susuz qalıb, digər həyati vacib ehtiyaclarını təmin edə bilmir.
Beynəlxalq məsələlər üzrə ekspert Vera Konstantinova “Report”a müsahibəsində Ukraynanın energetika sektorunun hazırkı vəziyyəti və Azərbaycan ilə Ukrayna arasında enerji əməkdaşlığının perspektivlərindən danışıb.
- Rusiyanın hərəkətləri Ukraynanın enerji sektorunun işinə nə dərəcədə təsir edib? Ukraynada energetika sektorunda fövqəladə vəziyyət yarandığını deyə bilərikmi?
- Xüsusi vurğulamaq lazımdır ki, mülki infrastruktura istənilən zərbə müharibə cinayətidir. Bu, Rusiyanın dinc əhaliyə qarşı terror üsullarından istifadə etməklə Ukrayna Silahlı Qüvvələrini məğlubiyyətə uğrada bilməyəcəyini bir daha təsdiqləyir. Başa düşməliyik ki, Ukraynanın enerji kompleksinin strukturunda əhəmiyyətli hissəni Ukraynanın AES-lərində nüvə istehsalı ilə təmin edilən elektrik enerjisi, eləcə də istilik elektrik stansiyaları, bərpa olunan enerji tutur. Rusiyanın işğalçı qoşunları ukraynalıların danışıqlara gedəcəyi ümidi ilə kritik enerji infrastrukturunu sistematik şəkildə atəşə tutur. Həqiqətən də indi Ukraynada elektrik enerjisinin planlaşdırılmış kəsilməsi üzrə cədvəllər tətbiq edilməyə başlanıb. Ehtimal ki, sonuncu dəfə ötən əsrin 90-cı illərində belə addlmlar atılıb. Ukrayna hökumətinin müxtəlif hesablamalarına görə, elektrik enerjisi seqmenti ciddi zərər görüb, istehsal güclərinin 40 faizdən 50 faizə qədəri ya tamamilə məhv edilib, ya da zərər görüb. Yüksək gərginlikli xətlər baxımından biz avadanlıqların əsas elementlərinin təxminən 55-70 faizini itirmişik. Qaz sektorunda vəziyyət daha sabitdir.
Ukraynanın enerji seqmenti bütün nüvə blokları bir anda söndürüldüyü zaman (atom elektrik stansiyalarında avtomatlaşdırılmış mühafizə sistemləri işə düşmüşdü) nisbətən yaxşı müqavimət göstərdi, lakin ukraynalı energetiklər nəinki elektrik enerjisi sisteminə nəzarəti itirməməyə müvəffəq oldu, həm də bir gün ərzində onu bərpa etdi. Düşünürəm ki, müharibə başa çatdıqdan sonra bu təcrübə başqa ölkələr tərəfindən də öyrəniləcək.
- Mülki sektor Rusiyanın atəşi qarşısında nə dərəcədə həssas oldu? Ukrayna hökuməti enerji sektorunda fövqəladə vəziyyət zamanı dəstək tədbirləri hazırlayıbmı?
- Qonşu ölkə beynəlxalq hüququn bütün normalarını pozaraq digər ölkəni işğal etmək qərarına gələrsə, vətəndaş sektoru həmişə həssasdır. Mənə elə gəlir ki, ən vacibi Ukrayna hökumətinin müharibə şəraitində operativ şəkildə potensial təhlükələr barədə məlumatlandırması və müxtəlif hadisələrə hazırlıqla bağlı tövsiyələr verməsidir. Məsələn, ukraynalı ekspertlər hələ yayda kritik infrastruktura zərbələr taktikasından danışmağa başlamışdı. Rusiya rəhbərliyinin taktikasını başa düşən və Moskvanın resurslarının olduğu müddətdə ədalətsiz işğalçılıq müharibəsini davam etdirəcəyini anlayan Ukrayna hökuməti öz nəzarəti altında olan ərazilərdə “Yenilməzlik nöqtələri” yaratdı.
Maraqlıdır ki, mühüm infrastruktur obyektlərinin atəşə tutulması əks effekt verir və Ukrayna cəmiyyətində Rusiya ordusunun tam məğlubiyyətə uğradılması, Ukraynanın 1991-ci ilin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qüsursuz bərpası tələbini gücləndirir.
- Ukrayna cəmiyyəti ümumi vəziyyəti necə qəbul edir? Energetika sektorunda fövqəladə hallarının təsirlərini yumşaltmaq üçün vətəndaş təşəbbüsləri hazırlanırmı?
- Ukrayna könüllülər hərəkatında 2014-cü ildən bu yana ciddi təcrübə toplayan ölkədir. Bu gün könüllülük kütləvi hal alıb. Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ianələr verilməsi indiki şəraitdə artıq adi hala çevrilib. Bundan əlavə, vətəndaş cəmiyyəti də fəal olaraq qalır, bir çox ekspertlər könüllülük statusuna keçib və işğal olunmuş ərazilərdən olan ukraynalılara kömək etməyə çalışırlar. Kiçik və orta sahibkarlıq subyektləri bu insanların lazımi mallarla təmin olunması üçün səy göstərir. Energetika sektorunda fövqəladə vəziyyətin nəticələrinin yumşaldılmasına gəlincə, özəl təşəbbüslər var. Ev təsərrüfatları elektrikin uzun müddət kəsilməsi halında xarici enerji sistemləri alırlar.
- Ukrayna biznesi böhran məhdudiyyətlərini necə dəf edir? Hazırkı böhran Ukraynada enerjiyə qənaət edən texnologiyaların genişmiqyaslı inkişafı üçün təkan ola bilərmi?
- Şübhəsiz, Ukrayna biznesi müharibə şəraitində fövqəladə fəaliyyət şəraitinə uyğunlaşma mərhələsindədir. Eyni zamanda, hazırda biznesin aparılması üçün bəlkə də ən çox tələbat generatorlaradır. Böhranı enerjiyə qənaət edən texnologiyalar üçün təkan hesab etsək, texnoloji bum üçün ilkin şərtlər var. Müharibədən əvvəl Ukrayna səylərini bərpa olunan enerji sektorunun inkişafına yönəltmişdi və ümid edirəm ki, bu tendensiya əməliyyatlardan sonra da davam edəcək. Əsas odur ki, müharibə bitməlidir və o, Ukraynanın şərtləri ilə bitəcək. Aktiv döyüş əməliyyatları davam edərkən müdafiə sistemləri və Silahlı Qüvvələrimiz investisiya baxımından əhəmiyyətli diqqət tələb edir.
- Ukraynada işıqların tamamilə kəsilməsini gözləmək lazımdır? Bu ssenarinin qarşısını almaq olarmı və olarsa, necə?
- Belə baxanda, Ukrayna artıq bir dəfə - noyabrın 23-də Rusiyanın hava hücumlarından sonra ölkə tarixində ilk dəfə dörd AES-in hamısının eyni vaxtda dayandığı zaman tam işıqsız qalıb. Ukraynanın kifayət qədər ehtiyatı olduğundan qısa zamanda enerji təchizatını bərpa etmək mümkün oldu. Hərbi Hava Qüvvələrimizin sübut edilmiş yüksək peşəkarlığı və effektivlik faizinə baxmayaraq, elektrik şəbəkəsinə raket hücumları böyük problem kimi qalacaq. Tərəfdaşlarımızdan gələn hava hücumundan müdafiə sistemləri də bunu həll etməlidir. Nə qədər çox olarsa, kritik infrastrukturun qorunması da bir o qədər effektiv olar. Rusiyaya qarşı beynəlxalq təzyiqlər artmalı, nüvə sektoruna qarşı sanksiyalar hərtərəfli olmalıdır.
- Ukraynanın Qərb tərəfdaşlarının hazırda danışdıqları “enerji Ramşteyn” təşkilatı realdırmı? Qərbin yardımı Ukraynanın enerji sektorunu əhəmiyyətli dərəcədə modernləşdirməyə kömək edəcəkmi? Mövcud enerji infrastrukturu Ukraynanın müharibədən sonrakı iqtisadiyyatının inkişafı üçün “drayver” ola bilərmi?
- İndi söhbət modernləşmədən yox, enerji sisteminin fəaliyyətinin sabitləşməsindən gedir. İlkin mərhələlərdə “Ukrenerqo” Avropa operatorlarından ehtiyat avadanlıq alıb. Eyni zamanda, dəymiş ziyanın miqyası Ukraynanın ehtiyaclarının operativ şəkildə əlaqələndirilməsini tələb edir. Buna görə də “Enerji Ramstein" Rusiya tərəfinin açdığı atəşlərin nəticələrinin aradan qaldırılması strategiyasının mühüm elementidir. Rusların hələ sovet dövründən qalma texnikaları məhv etməsi, bunun əvəzində isə Ukrayna ordusunun daha müasir avadanlıqlarla təchiz edilməsi hipermodernləşmənin əsas amili ola bilər. Əbəs yerə demirlər ki, energetika iqtisadiyyatın qanıdır. Bundan əlavə, bu, həm də o deməkdir ki, Ukrayna hətta texnoloji baxımdan Aİ-yə inteqrasiya edir. Təbii ki, bu, müharibə başa çatdıqdan sonra Ukraynanın iqtisadi inkişaf tempinə təsir edəcək.
- Ukraynanın enerji sisteminin bərpası üçün xarici investisiyaların və texnologiyaların cəlb olunacağı aydındır. Ukraynanın enerji sektorunun bərpasında iştirak edəcək Azərbaycan şirkətlərini görürsünüzmü? Müharibə başa çatdıqdan sonra Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığının inkişaf perspektivlərini necə görürsünüz?
- İlk növbədə, ukraynalıların müharibənin ilk günlərindən hiss etdikləri dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın bir çox ləyaqətli övladları işğalçı rus qoşunlarını dəf etmək üçün Ukrayna Silahlı Qüvvələrinə qoşulub. Bundan əlavə, Azərbaycan icmasının nümayəndələri Ukrayna Silahlı Qüvvələrinə yardım edir. Müharibənin ilk aylarında Ukraynanın neft və neft məhsullarına ehtiyacı olanda Azərbaycan köməyə gəldi. Bugünlərdə məlum oldu ki, enerji təchizatının sabitləşdirilməsinə kömək etmək üçün sənaye transformatorları və generatorları partiyası ilə daha bir humanitar karvan Azərbaycandan Ukraynaya yola düşüb. Ukraynanın Azərbaycandakı Səfirliyinin məlumatına görə, yükün ümumi dəyəri təxminən 850 min ABŞ dollarına bərabərdir və çəkisi isə 50 tondan çoxdur.
Azərbaycan şirkətlərinin iştirakına gəlincə, əminəm ki, bu, tamamilə ölkələrimizin maraqlarına uyğundur. Bundan əlavə, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu, Ukraynanın isə Aİ-də namizəd statusunu nəzərə alsaq, ölkələrimiz əməkdaşlığın konturlarını cıza bilər. Ölkəmiz azadlıq və ədalət uğrunda mübarizə apararkən həm də Azərbaycan üçün etibarlı tərəfdaş olaraq qalır. Müharibə başa çatdıqdan sonra isə enerji sektoru da daxil olmaqla, çoxlu qarşılıqlı faydalı imkanlar yaranacaq.
- Ukraynanın kritik infrastrukturunun atəşə tutulması bu sahənin nə qədər həssas olduğunu bütün dünyaya göstərdi. Kritik, ilk növbədə enerji infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün beynəlxalq səviyyədə hansı tədbirlər görülməlidir? Nəyi kökündən dəyişmək lazımdır?
- Problem ondadır ki, beynəlxalq səviyyədə təkcə kritik infrastrukturun təhlükəsizliyini təmin etməyə deyil, həm də gələcəkdə mülki obyektlərə hər hansı hücum cəhdinin qarşısını almağa imkan verən alətlər axtarmaq lazımdır. Mülki infrastrukturun məhvini qadağan edən Cenevrə Konvensiyaları qüsursuz işləməlidir. Yaranmış vəziyyətdə paradoks ondan ibarətdir ki, nüvə silahına malik olan, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə 1991-ci ildə müstəqilliyini tanıdığı və təhlükəsizlik zəmanətləri verdiyi qeyri-nüvə ölkəsində terror törədir, torpaqları işğal etmək istəyir. İndi də BMT Nizamnaməsinə edilən düzəliş mülki infrastruktura zərbə vurur. İkinci Dünya Müharibəsinin nəticələrindən sonra qurulmuş bütün beynəlxalq təhlükəsizlik sistemini kökündən dəyişdirmək lazımdır. Güc tətbiqinin yolverilməzliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinin toxunulmazlığı və ərazi bütövlüyü ilə bağlı konsensus gücləndirilməlidir.
Ukrayna dünya ictimaiyyəti üçün son həyəcan siqnalıdır və bu siqnal BMT Nizamnaməsinin deklarativ bir şey olmadığını anlatmalıdır. Bu, de-fakto ukraynalıların da uğrunda mübarizə apardığı xalqların birgəyaşayışının və firavanlığının əsasıdır.